Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzinin təşkilatçılığı ilə 2026- cı il oktyabrın 25- də “Morning with Alumni” – “Məzunlarla səhər yeməyi” adlı görüş keçirilib. Universitetin Neftçilər kampusunda təşkil olunan tədbir müxtəlif illərin məzunlarını bir araya gətirərək, onların universitetlə əlaqələrinin möhkəmləndirilməsi, ortaq xatirələrin bölüşülməsi və məzunlar arasında ünsiyyətin genişləndirilməsi baxımından əlamətdar olub.
“Once Khazar, Always Khazar” şüarı altında keçirilən görüşdə məzunlar doğma universitetlərinin 35 illik tarixinə nəzər salıb, tələbəlik illərinin unudulmaz xatirələrini bölüşüb və “Xəzər” ailəsinin bir parçası olmaqdan duyduqları məmnuniyyəti ifadə ediblər.
Xəzər Universitetinin 2006-cı il Jurnalistika ixtisası üzrə məzunu, “MTV Azərbaycan” telekanalının nəzdində fəaliyyət göstərən “Fətiyev Group” şirkətinin icraçı direktoru Sevinc Tahirova və Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzinin direktoru, universitetin məzunu Zərifə Əliyeva tədbirə aparıcılıq ediblər. Görüş məzunlarla universitet arasında əlaqələrin möhkəmləndirilməsi, ortaq xatirələrin bölüşülməsi və Xəzər ailəsinin birliyinin daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyıb.
Məzunların iştirakı ilə keçirilən interaktiv oyunlar, xatirə söhbətləri və səmimi müzakirələr görüşə xüsusi ab-hava qatıb. Tədbir çərçivəsində universitetin 35 illik yubileyinə həsr olunmuş film də təqdim edilib.
Görüşdə Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva çıxış edib. Universitetin inkişafında məzunların rolunun, onların ali təhsil müəssisəsi ilə əlaqələrinin qorunmasının və bu əməkdaşlığın yeni təşəbbüslərlə zənginləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
Daha sonra Karyera və Məzunlar Mərkəzinin direktoru Zərifə Əliyeva Mərkəzin fəaliyyəti, məzunlarla əlaqələrin inkişaf etdirilməsi, tələbə və məzunların karyera imkanlarının genişləndirilməsi, eləcə də məzunların universitetin inkişafına töhfə verməsi üçün yaradılan imkanlar barədə məlumat verib. Təqdimatda məzunların universitet həyatında fəal iştirakının, tələbələrə dəstək göstərməsinin və universitet-məzun əməkdaşlığının davamlılığının əhəmiyyəti ön plana çəkilib.
Məzun həmrəyliyi: ehtiyacı olan tələbəyə dəstək!
Tədbirin əsas məqsədlərindən biri xeyriyyəçilik və həmrəylik ənənəsini davam etdirmək olub. Karyera və Məzunlar Mərkəzinin ötən ildən etibarən həyata keçirdiyi bu təşəbbüs çərçivəsində əvvəlki görüşdə toplanan vəsait maddi dəstəyə ehtiyacı olan tələbəyə təqdim edilmişdi. Bu il isə məzunların və tədbir iştirakçılarının həmrəyliyi ilə toplanan vəsait müalicəyə ehtiyacı olan tələbənin sağlamlığına qovuşması və zəruri ehtiyaclarının qarşılanması məqsədilə ona dəstək üçün ayrılacaq.
Tədbirdə iştirak edə bilməsələr də, təşəbbüsə maddi töhfə verən məzunların dəstəyi xüsusi minnətdarlıqla qeyd olunub. Bu həmrəylik bir daha göstərib ki, Xəzər Universitetinin məzunları yalnız ortaq keçmişlə deyil, həm də bir-birinə dəstək olmaq məsuliyyəti ilə birləşirlər.
Görüş zamanı məzunlar Xəzər Universitetinin gələcək tələbələrinə ünvanlanan mesajlarını bölüşüb, universitetlə bağlı xatirələrini və təkliflərini səsləndiriblər. Bu fikirlər məzunların təcrübəsinin gələcək nəsillər üçün dəyərli bir mənbə olduğunu bir daha nümayiş etdirib.
“Məzunlarla səhər yeməyi” sadəcə bir görüş deyil, universitetlə məzunlar arasında davamlı əlaqələrin qurulmasına, qarşılıqlı dəstəyin gücləndirilməsinə və “Xəzər” ailəsinin birliyinin qorunmasına xidmət edən təşəbbüsdür.
Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzi gələcəkdə də məzunların universitet həyatında iştirakını təşviq edən, onların təcrübə və imkanlarını tələbələrlə birləşdirən, eyni zamanda, sosial məsuliyyət və xeyriyyəçilik dəyərlərini gerçəkləşdirən layihələri davam etdirməyi nəzərdə tutur.
“Once Khazar, Always Khazar!”