2026-cı il noyabrın 14-də Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva Anhui Universitetinin və Çin Xalq Respublikasının Təhsil Nazirliyi yanında Dil Təhsili və Əməkdaşlıq Mərkəzinin (CLEC) rəhbərliyi ilə üçtərəfli əməkdaşlıq sazişi imzalayıb.
Saziş Azərbaycan və Çin arasında akademik əlaqələrin möhkəmləndirilməsi, beynəlxalq təhsil tərəfdaşlıqlarının genişləndirilməsi və ali təhsil sahəsində yeni əməkdaşlıq imkanlarının yaradılması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, cari tədris ilindən etibarən Xəzər Universitetində Çin dili və ədəbiyyatı (filologiya) ixtisası üzrə ikili diplom proqramı həyata keçirilir və artıq ilk tələbələr təhsilə başlayıblar. Proqrama əsasən, tələbələr təhsillərinin üçüncü ilini Anhui Universitetində davam etdirəcəklər. Bu proqram tələbələrə akademik biliklərini dərinləşdirmək, Çin dili üzrə bilik və bacarıqlarını inkişaf etdirmək, eləcə də beynəlxalq təhsil mühitində təcrübə qazanmaq imkanı yaradacaq.
İmzalanma mərasimi Xəzər Universitetinin rektorunun 12–15 noyabr aralığında Pekində keçirilən “2026 Dünya Çin Dili Konfransı”nda (World Chinese Language Conference) iştirakı çərçivəsində olub. Beynəlxalq miqyaslı tədbir Çin dilinin tədrisi və beynəlxalq Çin dili təhsilinin inkişafı, tədris standartlarının təkmilləşdirilməsi, müəllim hazırlığı, rəqəmsal texnologiyaların təhsilə inteqrasiyası və mədəniyyətlərarası dialoq kimi aktual mövzuları əhatə edib.
Konfrans dünyanın müxtəlif ölkələrindən ali təhsil müəssisələrinin, beynəlxalq təhsil təşkilatlarının və akademik ictimaiyyətin nümayəndələrini bir araya gətirərək, təcrübə mübadiləsi və yeni tərəfdaşlıq imkanlarının müzakirəsi üçün platforma yaradıb.
Bu tərəfdaşlıq Xəzər Universitetinin beynəlxalq akademik şəbəkəsini genişləndirmək, beynəlxalq akademik mübadiləni təşviq etmək və Azərbaycan ilə Çin arasında təhsil əlaqələrinin inkişafına töhfə vermək istiqamətində atdığı mühüm addımlardan biridir.