Xəzər Universiteti İT Departamentinin rəhbəri, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Fərid Musayev VPN xidmətlərindən istifadə zamanı yarana biləcək təhlükələr barədə danışıb.
Pravda.az-a açıqlamasında ekspert bildirib ki, VPN-in təhlükəsizliyi onun növündən və istifadə məqsədindən asılıdır. Korporativ və dövlət VPN-ləri təhlükəsiz bağlantı üçün nəzərdə tutulsa da, qeyri-rəsmi və pulsuz VPN xidmətləri istifadəçi məlumatlarının toplanması, reklam məqsədilə istifadəsi və zərərli proqramların yayılması riskini yarada bilər.
Fərid Musayev qeyd edib ki, müəyyən kiberhücumlar zamanı internet trafikinin yönləndirilməsi manipulyasiya oluna, zəif şifrələmə isə parolların və şəxsi məlumatların ələ keçirilməsinə şərait yarada bilər. Bununla yanaşı, DDoS hücumları saytların əlçatmazlığına səbəb olsa da, bu, özlüyündə məlumatların oğurlanması demək deyil.
Ekspert istifadəçilərə etibarlı VPN xidmətlərindən yararlanmağı, saytlarda HTTPS bağlantısının mövcudluğunu yoxlamağı və rəsmi hesablarında çoxfaktorlu autentifikasiyanı aktivləşdirməyi tövsiyə edib. O, həmçinin, kiberhücumlar və internet infrastrukturunda qeyri-sabitlik müşahidə olunan vaxtlarda dövlət portallarında və bank sistemlərində həssas əməliyyatları minimuma endirməyin vacibliyini vurğulayıb.