Xəzər Universiteti ilə SunLab MMC arasında 2026- cı il oktyabrın 8- də əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumu Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva və SunLab MMC-nin direktoru Dr. Emil Səfərli imzalayıblar.
Memorandumun əsas məqsədi təhsil, elmi-tədqiqat və laboratoriya fəaliyyəti sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, tələbələrin praktiki hazırlığının gücləndirilməsi, onlara peşəkar təcrübə imkanlarının yaradılması, eləcə də tələbə və gənc tədqiqatçıların elmi layihələrə və tədqiqat fəaliyyətinə cəlb olunmasıdır.
Sənədə əsasən, tərəflər təcrübə mübadiləsi, peşəkar görüşlərin və qarşılıqlı səfərlərin təşkili, konfrans, seminar və təlim proqramlarının birgə həyata keçirilməsi, laboratoriya infrastrukturunun inkişafı, laboratoriyaların müasir cihaz və avadanlıqlarla təmin olunması, akademik dəstək və peşəkar məsləhətləşmələr istiqamətlərində də əməkdaşlıq edəcəklər.
Memorandumda Xəzər Universitetinin əməkdaşlarına SunLab MMC tərəfindən göstərilən tibbi-laboratoriya xidmətlərinə 15 faiz güzəştin tətbiq olunması da nəzərdə tutulub.
İmzalanmış Anlaşma Memorandumu Xəzər Universiteti ilə SunLab MMC arasında tərəfdaşlığın daha da genişləndirilməsinə, tələbələrin praktiki bilik və bacarıqlarının inkişafına, onların peşəkar fəaliyyətə hazırlanmasına, həmçinin, elmi-tədqiqat imkanlarının artırılmasına mühüm töhfə verəcək.