Xəzər Universiteti və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycan nümayəndəliyinin əməkdaşlığı çərçivəsində 2026- cı il sentyabrın 28- də Dünya Quduzluqla Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbir təşkil edilmişdir.
Tədbirin əsas məqsədi quduzluğun profilaktikası və nəzarəti ilə bağlı ictimai məlumatlılığın artırılması, xəstəliyin qarşısının alınmasında müvafiq qurumlar arasında koordinasiyanın gücləndirilməsi və “Vahid Sağlamlıq” yanaşmasının əhəmiyyətinin diqqətə çatdırılması olmuşdur.
“Maarifləndirmədən fəaliyyətə” şüarı əsasında keçirilən tədbirdə builki “Birlikdə daha güclüyük” mövzusuna uyğun olaraq quduzluqla mübarizədə birgə yanaşmanın vacibliyi ön plana çəkilmişdir. Müzakirələr zamanı xəstəliyin mövcud vəziyyəti, qarşıda duran əsas çağırışlar, elmi məlumatların praktiki tədbirlərə inteqrasiyası və müxtəlif sektorlar arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur.
Tədbir dövlət və özəl qurumların, beynəlxalq təşkilatların, elmi-tədqiqat müəssisələrinin, baytarlıq və ictimai səhiyyə sahəsində fəaliyyət göstərən mütəxəssislərin iştirakı ilə baş tutmuşdur.
Tədbirin açılışında çıxış edən Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva quduzluğun nəzarətdə saxlanılmasının yalnız bir sektorun fəaliyyəti ilə məhdudlaşmadığını, insan, heyvan və ətraf mühit sağlamlığının qarşılıqlı əlaqəsi əsasında kompleks yanaşmanın tələb olunduğunu qeyd etmişdir. FAO-nun Azərbaycan nümayəndəsi və Təşkilatın Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat quduzluğun qarşısının alınmasında profilaktik vaksinasiyanın mühüm rolunu qeyd etmiş, qlobal “2030-a qədər Sıfır” məqsədinə nail olunmasının əhəmiyyətini vurğulamışdır. O, Azərbaycanda baytarlıq xidmətlərinin inkişafı, xəstəliklərin monitorinqi və laboratoriya imkanlarının təkmilləşdirilməsi istiqamətində görülən işləri də müsbət qiymətləndirmişdir.
Panel müzakirələrdə xəstəliyin erkən müəyyənləşdirilməsi, aidiyyəti qurumlar arasında operativ məlumat mübadiləsi, heyvanların immunizasiyasının səmərəli təşkili və insanlarda təmasdan sonra profilaktik tədbirlərin vaxtında həyata keçirilməsinin vacibliyi xüsusi vurğulanmışdır. Bu tədbirlərin əlaqələndirilmiş şəkildə həyata keçirilməsinin quduzluğa qarşı mübarizənin effektivliyinin artırılmasına mühüm töhfə verdiyi qeyd olunmuşdur.
Tədbirin yekununda quduzluğun qarşısının alınması istiqamətində elmi yanaşmaların, institusional imkanların və sahə üzrə praktiki təcrübənin birgə tətbiqinin əhəmiyyəti qeyd edilmişdir. Xəzər Universitetinin Hasvet Baytarlıq təbabəti fakültəsinin bir qrup tələbəsi “Quduzluqla mübarizə Könüllüləri” olaraq fəaliyyətə cəlb olunmuşlar.