2026-cı il aprelin 13–14-də Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində AMEA Arxeologiya və Antropologiya İnstitutu, Ağstafa Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu” və “Avey Dövlət Tarix-Mədəniyyət Qoruğu”nun birgə təşkilatçılığı ilə görkəmli alim, paleolitşünas, Dos. Dr. Mansur Mansurovun anadan olmasının 90 illik yubileyinə və Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “Gəncə–Qazax bölgəsinin arxeoloji və etnoqrafik tədqiqinin aktual problemləri” adlı beynəlxalq elmi konfrans keçirilib.
Azərbaycan, Rusiya, Ukrayna və Qazaxıstandan olan alimlərin iştirakı ilə keçirilən konfransda 70-dən artıq məruzə dinlənilib. AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi Dr.Yaqub Məmmədov “Azərbaycan paleolitşünaslığının yeni tədqiqat istiqamətlərinin formalaşmasında Mansur Mansurovun elmi irsi” və “Qazax paleolit arxeoloji ekspedisiyasının 2024-cü ildə Avey Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində apardığı çöl tədqiqatlarına dair”, həmçinin, AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi, Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi Ülviyyə Səfərova “Makrolitik alətlərin öyrənilməsinin bəzi aspektləri” mövzularında məruzə ediblər.
Aprelin 14-də konfrans iştirakçıları Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisindəki Son Tunc-Erkən Dəmir dövrünə aid Ağalıqtəpə yaşayış yerində Azərbaycan – Almaniya beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən aparılan tədqiqatlarla tanış olublar. Qeyd etmək lazımdır ki, Ülviyyə Səfərova hazırda həmin arxeoloji ekspedisiyanın üzvü kimi tədqiqatlarda iştirak edir.