
Yaşadığımız, içində olduğumuz gerçək dünya ilə yanaşı insanın bir xəyal dünyası da var, sonsuz, ucsuz-bucaqsız. İnsan həmişə xəyal ilə gerçəklik arasında var-gəl edir, xəyal etdiklərini gerçək həyatda görmək istəyir. Xəyal yaradıcılığın canıdır, anasıdır. Bədii ədəbiyyat xəyalın məhsuludur. Musiqi və incəsənət xəyalın övladlarıdır. Təbiət elmləri də, texnologiya da öz fövqəladə uğurlarına görə xəyala çox borcludur. A. Einstein bunu belə ifadə etmişdir: “Xəyal bilikdən daha vacibdir. Bilik məhduddur, xəyal isə bütün dünyanı qucağına alır, tərəqqiyə yol açır”.
1990-cı ilin ortalarında, Sovetlər Birliyinin böyük böhran keçirdiyi, iqtisadiyyatın və siyasi sistemin çökməkdə olduğu, xalqın azadlıq istəyinin zilə qalxdığı bir dövrdə, məni, Avropa və Şimali Amerika səfərlərimdən də qidalanan bir hiss-həyəcan bürümüşdü: ali təhsil sistemimizdə ciddi dəyişikliklər, islahat edilməlidir, amma bu uzun və çətin işdir, dövlət işidir; bəlkə özüm nəsə edə bilərəm, ürəyimdən keçən, xəyalımda bəslədiyim “yaxşı, güclü, çağdaş ali məktəb” fikrini həyata keçirmək mümkün olarmı?! Bu ideya inanılmaz olsa da, utopiya kimi görünsə də, cəzbedici idi.
Görəsən hökumət bu işə necə baxar? Xoşbəxtlikdən dövrün hökumət başçısı da bənzər fikirdə imiş. Hərçənd ki, hökumət özü ağır, çətin vəziyyətdə idi. Bir neçə maraqlı və vacib görüşlər nəticəsində tarixə daxil olan iki imza atıldı: 20 dekabr 1990 - cı il hazırlıq aparılması haqqında sərəncam və 18 mart 1991 - ci il, bu gün var olan, çiçəklənən Xəzər Universitetinin qurulması haqqında hökumət qərarı! Azərbaycanın milli müstəqillik gününə 7 ay qalırdı. Bu, tək Azərbaycanda deyil, bütün Sovetlər Birliyində hökumət qərarı ilə yaradılmış ilk özəl universitet oldu!
1991-ci ilin yazında 19 tələbə, bir qrup müəllim və inzibatçılar, cəmi hardasa 30 adam işə başladıq. Mən xəyalımda qurduğum, dünya təcrübəsinə əsaslanan gözəl, maraqlı gələcəyimiz haqqında söhbət edərkən ətrafımdakıların gözlərinin parladığını görürdüm. Müəllim və tələbələrimizi mübadilə proqramları ilə Amerikaya göndərdik, onlar geri qayıdanda “Hamlet müəllim, siz bizə söylədiklərinizi indi daha yaxşı başa düşürük” deyirdilər. Dünya universitetləri ilə sıx əlaqə qurduq, onlardan çox şey öyrəndik. Vətənə, bölgəyə xidmətlə yanaşı bir dünya universiteti olmağa çalışdıq. Əvvəl ABŞ ilə, sonra Avropa, Türkiyə və İranla, eyni zamanda Çin, Yaponiya, Koreya, Malayziya və Avstraliya ali məktəbləri ilə əməkdaşlıq etdik. Gürcüstan və Orta Asiya ilə yaxınlaşdıq.
Yol gedə-gedə çox “ilk”lərə imza atdıq - ölkəmizdə ilk ingilisdilli, ilk tələbə mərkəzli universitet olduq, ilk bakalavr və magistr proqramlarıni, ilk kredit yığma təhsil modelini hazırlayıb işə saldıq, şəffaflığı və akademik sərbəstliyi vurğulayan və həyata keçirən ilk ali məktəb olduq, bir sıra sahələrdə ölkəmizdə ilk ciddi laboratoriyalar qurduq. “Dünya” adlı ilk milli və beynəlxalq IB məktəblər şəbəkəsini qurduq, ilk universitet Direktorlar və Qəyyumlar Şurasını (Türkiyede – “Mütevelli Heyəti”, ingiliscə - “Board of Trustees” deyirlər) yaratdıq və sair və sair.
Təhsil və Araşdırmada keyfiyyəti təyin edən amilləri, bütün tərəfləri inkişaf etdirməyə çalışdıq. Öyrənəni, yəni tələbəni və öyrədəni, yəni alimi, müəllimi ciddi seçib yetişdirməklə məşğul olduq. Dünya ilə səsləşən dinamik təhsil modeli, çağdaş proqramlar və elmi-texnoloji ideyalar üzərində işlədik. Zəruri maddi-texniki qaynaqları (binalar, laboratoriya, klinika, kitabxana, idman və mədəniyyət ocaqları...) yaratdıq. Və nəhayət çox mühüm olan, həyati vacib olan bir cəhəti – xoş və işgüzar insani mühiti qura bildik.
Biz xoşbəxt ailə olduq - Xəzər Universiteti ailəsi, tələbələr, müəllimlər, işçilər, valideynlər, məzunlar, məzunlarımızı işə götürənlər. 30 adamla başladıq, bu gün Xəzər Universiteti və Dünya məktəbi birlikdə hardasa 10 min adamın oxuduğu, çalışdığı, ölkədə, bölgədə və dünyada tanınmış elm, təhsil və mədəniyyət mərkəzi olduq. Birlikdə uğur qazandıq, böyüdük, gücləndik, daxili ilə xarici, zehni və qəlbi həmahəng olan yaradıcı, xoş və səmimi mühit yaratdıq. İnsanın təbiətində olan bilmək, xoşbəxt olmaq arzusunu institutlaşdırmağa, davamlı, dayanıqlı etməyə çalışdıq. Dünya Məktəbinin qurucusu Nailə xanım “Xoşbəxtlik göydən düşmür” deyirdi, “xoşbəxtliyi qurmaq lazımdır, ətrafdakıları xoşbəxt etmək xoşbəxtliyin zirvəsidir” deyirdi. Əlbəttə, dünyada cənnət yoxdur, mükəmməl heç nə yoxdur. Biz mükəmməlliyə can atırıq, devizimiz, şüarımız, rəhbər prinsipimiz budur: “Hər gün, hər saat mükəmməlliyə doğru”!