Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlıya
Hörmətli Hamlet müəllim!
35 illik şərəfli fəaliyyət yolu keçmiş Xəzər Universiteti bu gün ölkəmizin ali təhsil sistemində müasir idarəetmə modeli, beynəlxalq standartlara uyğun tədris proqramları və güclü elmi potensialı ilə seçilən nüfuzlu ali təhsil ocaqlarından biridir. Universitetin əsası qoyulduğu gündən formalaşdırdığınız yenilikçi və azad akademik mühit Azərbaycan ali təhsil məkanında keyfiyyətin yüksəldilməsinə mühüm töhfələr vermişdir.
Ötən illər ərzində Xəzər Universiteti yalnız respublikamızda deyil, həm də beynəlxalq akademik məkanda tanınan təhsil müəssisəsinə çevrilmişdir. Təhsilin və elmin vəhdətinə əsaslanan fəaliyyət, müasir çağırışlara cavab verən ixtisaslar, tələbələr üçün yaradılan geniş imkanlar və aparılan fundamental-tətbiqi tədqiqatlar universitetin dayanıqlı inkişaf strategiyasının bariz göstəricisidir. Təsadüfi deyil ki, universitetinizin minlərlə məzunu ölkəmizin müxtəlif sahələrində-elm, təhsil, biznes, dövlət idarəçiliyi və özəl sektorda uğurla fəaliyyət göstərərək, Azərbaycanın sosial-iqtisadi və mədəni inkişafında fəal rol oynayır.
Bakı Biznes Universiteti ilə Xəzər Universiteti arasında mövcud olan səmimi dostluq münasibətlərini də xüsusi qeyd etmək istərdim. Tədris, beynəlmiləlləşmə və elmi-tədqiqat sahələrində qarşılıqlı fəaliyyət hər iki ali təhsil müəssisəsinin inkişafına, qabaqcıl təcrübə və bilik mübadiləsinin güclənməsinə xidmət edir. Bu səmərəli əməkdaşlıq həm universitetlərimizin, həm də bütövlükdə ölkəmizin təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasında xüsusi əhəmiyyət kəsb edir.
Çoxhörmətli Hamlet müəllim!
Mən sizi, Xəzər Universitetinin professor-müəllim heyətini və çoxsaylı tələbə kollektivini Bakı Biznes Universitetinin kollektivi adından və şəxsən öz adımdan 35 illik yubiley münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansalığı, uzun ömür və ali təhsilimizin inkişafı naminə həyata keçirdiyiniz nəcib fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
İnanıram ki, Xəzər Universiteti bundan sonra da ölkəmizin beynəlxalq standartlara cavab verən yüksəkixtisaslı kadrlarla təmin olunmasında, elmi potensialın gücləndirilməsində və Azərbaycanımızın dinamik inkişafında öz dəyərli töhfələrini verməyə davam edəcəkdir.
Dərin hörmətlə,
Bakı Biznes Universitetinin rektoru:
i.e.d., prof. İ.M.ABBASOV