III Beynəlxalq Türk Dünyası Gənc Akademisyenlər Konqresi 10–13 may 2026-cı il tarixlərində Azərbaycanda “Keçmişin irsi, gələcəyin inşası” mövzusu ilə keçiriləcək. Türk dünyasının müxtəlif ölkələrindən gənc akademisyenlər bu mühüm tədbirdə bir araya gələcəklər.
Konqres Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı, Türkiye Maarif Vakfı, Yunus Emre Enstitüsü və Azərbaycandakı Türkiyə Məzunu İş Adamları və Ziyalıları Platformunun dəstəyi, həmçinin 6 ölkədən 30 universitetin tərəfdaşlığı ilə təşkil olunur. Tədbir Xəzər Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin ev sahibliyi ilə baş tutacaq.
Konqresdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan başda olmaqla 22 ölkədən, 156 universitet və qurumdan 400-ə yaxın akademisyen iştirak edəcək.
Tədbir çərçivəsində dil və ədəbiyyat, kommunikasiya, təhsil, mədəniyyət və incəsənət, iqtisadiyyat, sosiologiya, fəlsəfə, psixologiya, hüquq, siyasi elmlər və beynəlxalq münasibətlər, ilahiyyat, idman, təbiət və riyaziyyat elmləri, tarix, mühəndislik və səhiyyə kimi bir çox sahələr üzrə elmi müzakirələr aparılacaq.
İlki Ankarada, ikincisi isə Daşkənddə keçirilən konqresin əsas məqsədi Türk dünyasından universitetləri və gənc akademisyenləri bir araya gətirərək bilik mübadiləsini artırmaq, mədəni yaxınlaşmanı gücləndirmək, elmi əməkdaşlığı inkişaf etdirmək və ortaq intellektual mühit yaratmaqdır.
Konqresdə aşağıdakı mövzular da müzakirə olunacaq:
* Regional təhlükəsizlik və sülh siyasəti
* Türk dövlətləri arasında investisiya və maliyyə əməkdaşlığı
* Enerji dəhlizləri və enerji diplomatiyası
* Birgə elmi tədqiqat və texnologiya inkişafı layihələri
* Mədəni irsin qorunması
* İqlim dəyişikliyi ilə mübarizə
* Süni intellekt, kiber təhlükəsizlik və innovasiya
Konqresin açılış mərasimi 12 may 2026-cı il saat 09:30-da Xəzər Universitetinin Fikrət Əmirov Konfrans və Konsert Mərkəzində keçiriləcək.