Rəsmi tədbirdən yaddaşımda qeyri-rəsmi qalanlar...
2016-cı il noyabrın 18-də Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının həmtəsisçisi olduğu Avrasiya Akademiyasının 2-ci rəsmi toplantısı universitetin “Mərmər” zalında baş tutdu. Akademiyanın iki yeni üzvü də qonaqlar arasında idi: Məşhur aktyor və rejissor Robert Hossein və türk filmlərində kişilərin həmişə əlçatmaz bir qadın kimi izlədiyi Türkan Şoray.
Tədbir yeni üzvlər haqqında hazırlanmış filmlərlə başladı. Bilməyənlər üçün, deyim ki, fransalı aktyor Robert Hossein azərbaycanəsillidir. Atası Səmərqənddəndir. Filmlərdən gördüyüm bu gümrah, yaraşıqlı oğlan indi gözlərində illərin yorğunluğu olan bir qocaya çevrilmişdir. Sanki yaratdığı obrazların hamısını öz taleyi kimi yaşamışdır. Hossein tamaşaçıların yaddaşında ən çox 1960-cı illərdə “Anjelika” seriyasından olan filmlərdə canlandırdığı Qraf de Peyrak obrazı ilə qalmışdır. Bu obraz təkcə tamaşaçıda yox, həm də aktyorda dərin iz buraxmışdi. Müsahibələrinin birində Hossein qeyd etmişdir ki, qəbri üstündə Peyrak obrazının əks olunmasını istəyərdi.
Tədbirdə Robert Hosseinin filmlərindən parçalar nümayiş olunarkən, üzümü çevirib aktyora baxdım. Hosseinin gözlərindən yaş axırdı. Qoca aktyor böyük ekranda öz gəncliyini izləyərək ağlayırdı... Bu vaxt Hamlet İsaxanlı yan masadan ayağa qalxaraq Robertə yaxınlaşdı, əlini çiyninə qoydu və nə isə dedi. Gəncliyini geridə qoymuş bu iki böyük adam: Biri ağlayır, digəri təsəlli verirdi... Çox kədərli mənzərə idi...
Bəlkə bu qədər kövrək və hissiyyatlı olmağından, bəlkə də azərbaycanəsilli olmağından, Azərbaycanı çox sevdiyindən Robert Hosseinə qarşı qəribə bir doğmalıq hiss etdim.
Robert Hossein Azərbaycana öz xanımı ilə gəlmişdi. Çox gözəl qadın idi. Onun Hosseinə həddən ziyadə diqqət ayırması nəzərimdən yayınmadı. Tez-tez aktyorun saçını, paltarını, yaxasını düzəldir, nə isə soruşur, fikrini ondan ayırmırdı. O anda öz-özümə düşündüm ki, əslində bütün yaradıcı adamların bu cür xanımı olmalıdır, xüsusən də Robert kimi uşaqqəlbli bir adamın...
Sonra Türkan Şoray haqqında film başladı. Yaratdığı obrazlardan, çəkildiyi kinolardan nümunələr nümayiş olundu. Tədbirə hopmuş nostalgiya hissi daha da gücləndi. Türkan xanımın yanında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral əyləşmişdi. Gənc səfir aktrisanın çəkildiyi filmləri izlədikcə, gözləri doldu. Tədbir iştirakçıları film boyunca xısın-pısın danışır, pıçıldaşır, təəccüb dolu nələrsə deyirdilər. Ara-sıra pıçıltılar eşidilirdi: “Necə gözəl idi”, “İndi yaman qocalıb”, “Amma yenə də gözəldir”... Ekranda isə filmlərindən hansındansa bir parça nümayiş olunurdu. Gənc Şoray oxuyurdu:
“Boş yere bekleme geçen günleri,
Böyledir ne yazık ki ezelden beri.
Kimi benim gibi sever gönülden –
Kimi senin gibi el olur gider...”
Alik Əlioğlu