2024-cü il sentyabrın 9-11-də Bakıda Gülüstan sarayında Diasporla İş üzrə Dövlət Komitəsinin, Elm və Təhsil Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlı Alimlər Dərnəyinin təşkilatçılığı ilə Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumu keçirildi. Forumun məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, yerli alimlərlə görüşdürmək, bilik və təcrübə mübadiləsi aparmaq, dünya azərbaycanlı elm adamlarının şəbəkələşməsinə töhfələr vermək idi. Forumda 23 ölkədən 80-dən çox azərbaycanlı alim, ümumilikdə 200-ə yaxın elm xadimi iştirak edib.
Açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub. Sonra “Heydər Əliyev və təhsil” mövzusunda videoçarx nümayiş olunub.
Tədbirin moderatoru, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov bu günü Azərbaycanın tarixində əlamətdar hadisələrdən biri kimi dəyərləndirib. Qeyd edib ki, dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlı alimlərin iştirakı ilə keçirilən forum Azərbaycanın gücünün və birliyinin ifadəsidir. Akademikin sözlərinə görə, azərbaycanlı alimlərin birliyi ölkəmizin zəka gücünün artması deməkdir.
Sonra çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev vurğulayıb ki, xaricdə yaşayan Azərbaycan alimlərinin iştirakı ilə elmimizin səviyyəsinin artırılması, yeni dövrün tələblərinə uyğun kadrların yetişdirilməsi zamanın tələbidir.
Əməkdar elm xadimi, Münhen Texniki Universitetinin professoru, Humboldt mükafatı alan ilk azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, dünyaşöhrətli azərbaycanlı alim Məsud Əfəndiyev qeyd edib ki, məqsəd peşəkar və gənc alimlər arasında körpü yaratmaqdır. Alim Azərbaycanın beynəlxalq nüfuzunun daha da gücləndirilməsi, elmimizin yüksək səviyyədə inkişaf etdirilməsi üçün səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb. “Xalqımızın inkişafına əlimizdən gələn qədər töhfə verməyə hazırıq” - deyə, azərbaycanlı alim qeyd edib.
Forumda Azərbaycan elminin inkişaf etdirilməsi istiqamətində maraqlı müzakirələrin aparılacağına əminliyini diqqətə çatdıran elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, tədbir çərçivəsində ən vacib məqam Azərbaycandan kənarda yaşayan alimlərimizlə inteqrasiya məsələsidir. Elm və Təhsil Nazirliyi tərəfindən göstəriləcək dəstək və imkanlar barədə danışan nazir transformasiyanın ən böyük problem olduğunu qeyd edib. Elmi rəqəmlərlə ölçməyin mümkün olmadığını deyən nazirin sözlərinə görə, Azərbaycan üçün elm və təhsil sahəsində müəyyən problemlər var. Lakin son on il ərzində bu sahədə xeyli müsbət işlər görülüb.
Çıxışında təşkilatlanma işinin əhəmiyyətini qeyd edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov komitənin öz fəaliyyətini dövlətin siyasətinə, “Yol xəritəsi”nə uyğun qurduğunu bildirib: “Dövlət Komitəsinin fəaliyyəti həm də işğaldan azad edilən Qarabağda aparılan işlərlə bağlıdır. Qarabağ Universitetində dünyaşöhrətli azərbaycanlı alimlərin çalışması elmimizə töhfə olardı.”
Sonra forum işini panellərdə davam etdirib. “Qadınlar nüvə sahəsində” (“Women in nuclear”) Ümumdünya Assosiasiyasında Azərbaycanın rəsmi nümayəndəsi Dinara Abbasovanın (Avstriya) moderatorluğu ilə keçən ilk paneldə “Azərbaycanda elm və ali təhsilin beynəlmiləlləşməsində alimlərin rolu” mövzusunda müzakirələr aparılıb.
Müzakirələrdə ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Azərbaycan Texniki Universitetinin rektor Vilayət Vəliyev, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov çıxış ediblər. Çıxışlarda əcnəbi tələbə və müəllimlərin tədrisə cəlbi, qrantlara nail olunması, mübadilə proqramlarının həyata keçirilməsi, regional və beynəlxalq səviyyədə tədbirlərin təşkili, universitetlərdəki kadrların xarici alimlərlə işləmə bacarığının artırılması və digər məsələlərə toxunulub.
Azərbaycanın hüdudlarından kənarda da polimat-çoxbilcin alim kimi tanınan Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı paneldəki çıxışında diqqəti daha çox problemin praktik cəhətinə yönəldərək demişdir: “Ali təhsildən söz düşəndə “keyfiyyətli təhsil” istənilir və bunun “güclü universitet”də əldə ediləcəyi düşünülür. Ali təhsildə iştirak edən canlı insanlar və qaynaqlar yaxşı olmalıdır. Bunlar kimlərdir, nələrdir? 1) Öyrənən, yəni tələbə; 2) Öyrədən, yəni alim, mütəxəssis, müəllim; 3) Öyrədən öyrənmək istəyənə nə öyrədir və necə öyrədir? Yəni təhsil modeli, tədris plan və proqramları və nəhayət, 4) təhsilə kömək edən maddi və intellektual baza, yəni uyğun binalar, kitabxana, laboratopriyalar, texnoloji vasitələr, həmçinin sağlam və cazibəli mənəvi mühit.
Bu sırada, zənnimcə, ən vacib olan yaxşı alimin, mütəxəssisin varlığıdır. Yaxşı tələbə yaxşı müəllimin yanına gələcək. Maddi bazanı addım-addım yaratmaq mümkündür. Yaxşı müəllim və tələbə ilə, yaxşı idarəetmə vasitəsilə mənəvi mühit yaratmaq mümkündür. Beləliklə, hər şey alim, mütəxəssis üzərində qurulur. Alim və mütəxəssisləri bir ölkə, bu halda Azərbaycanın daxili imkanları ilə təmin etmək mümkün deyil. Dünyanın müxtəlik ölkələrindən mütəxəssis cəlb edə bilməyən ali məktəb güclü ola bilməz, dünya yarışına, rəqabətə girə bilməz. İş dünyası, sənaye dünyası ilə əlaqə qura bilməz.”
Hamlet İsaxanlı çıxışında, həmçinin, Wilhelm Humboldt`un 1810-cu ildə Berlin Universitetinin açılışı zamanı bu məsələ ilə bağlı çıxışını yada salıb, onun güclü univesitet ideyası barədə danışıb, Xəzər Universitetinin qurulma prinsiplərinə toxunub. O, suallara cavab verib və xaricdən gəlmiş alimlərlə söhbət edib.
Forumda digər mövzularda da panel iclasları, sessiyalar, tanışlıq mərasimləri, kitab təqdimatıarı və digər tədbirlər keçirilmişdir.
Forumunun iştirakçıları Xankəndi və Şuşa şəhərlərinə səfər ediblər. Onlar Xankəndi şəhəri ilə yaxından tanış olandan sonra Qarabağ Universitetinin rektoru və kollektivi ilə görüşüblər. Universitetin rektoru Şahin Bayramov universitetin fəaliyyəti, müasir standartlara uyğunlaşdırılması barədə məlumat verib, gələcək planlardan danışıb. Xaricdə yaşayan alimlərlə Qarabağ Universiteti arasında elmi əməkdaşlığın qurulması, onların bilik və təcrübələrindən də istifadə olunması imkanları barədə fikir mübadiləsi aparıblar.
Xankəndi şəhərində xaricdə yaşayan azərbaycanlı alimlərin Prezident İlham Əliyevə müraciəti səsləndirilib.
Sonra forum iştirakçıları Şuşaya yola düşüblər. Şuşada aparılan yenidənqurma işləri ilə tanış olub, mədəniyyət paytaxtımızın tarixi məkanlarına baş çəkiblər.
Azərbaycanlı alimlər forumun öz işini Qarabağda davam etdirməsini və burada yekunlaşdırmasını tarixi hadisə adlandırıb, ölkəmizin gələcəyi naminə bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini, dünya elmi ilə Azərbaycan elmi arasında daha möhkəm körpülərin qurulmasına töhfələr verəcəklərini bildiriblər.