Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzi tələbələrin peşəkar inkişafını dəstəkləmək, onların əmək bazarına hazırlığını gücləndirmək və universitet məzunlarının təcrübəsindən səmərəli istifadə etmək məqsədilə “Məzun–Tələbə Mentorluq Proqramı”nı (“Alumni Mentorship”) həyata keçirməyə başlayıb.
Proqram tələbələrlə universitet məzunları arasında peşəkar əlaqələrin qurulmasını, tələbələrin müvafiq sahələr üzrə təcrübəli mütəxəssislərin mentorluğu ilə inkişafını və real iş mühitində təcrübə qazanmaq imkanlarının genişləndirilməsini nəzərdə tutur. Təşəbbüs, eyni zamanda, universitetlə işəgötürənlər arasında əməkdaşlığın möhkəmləndirilməsinə və məzunların universitet həyatında iştirakının artırılmasına xidmət edir.
Proqramın ilk iştirakçısı Xəzər Universitetinin İqtisadiyyat və menecment fakültəsinin Maliyyə ixtisası üzrə təhsil alan III kurs bakalavr tələbəsi Eldar Hüseynzadə olub. Bank və neft-qaz sektorlarında, xüsusilə risklərin idarə edilməsi sahəsində peşəkar təcrübə qazanmaq istəyən tələbə bu məqsədlə Karyera və Məzunlar Mərkəzinə müraciət edib.
Tələbənin karyera maraqları və peşəkar inkişaf hədəfləri nəzərə alınaraq, Mərkəzin əlaqələndirməsi ilə onun Kapital Bankın Kredit Portfelinə Nəzarət Departamentinin Biznes Kreditlərinin Monitorinqi Şöbəsində üç aylıq təcrübə proqramında iştirakı təmin edilib.
Eldarın mentorluğunu Xəzər Universitetinin Mühəndislik və tətbiqi elmlər fakültəsinin 2008-ci il məzunu, hazırda Kapital Bankın Mikro Biznes Departamentinin direktor müavini vəzifəsində çalışan Ramal Əhmədov həyata keçirəcək. Mentor dəstəyi tələbənin nəzəri biliklərinin praktiki təcrübə ilə tamamlanmasına, seçdiyi sahənin xüsusiyyətlərini daha dərindən mənimsəməsinə və gələcək karyerası üçün zəruri bacarıqlar qazanmasına imkan yaradacaq.
“Məzun–Tələbə Mentorluq Proqramı” Xəzər Universitetinin məzun şəbəkəsinin potensialından istifadə etməklə tələbələrin peşəkar inkişafına dəstək göstərilməsinin yeni istiqamətlərindən biridir. Proqram vasitəsilə məzunların topladıqları bilik və təcrübənin tələbələrə ötürülməsi, gənclərin karyera seçimlərinin dəstəklənməsi və onların iş dünyasına daha hazırlıqlı şəkildə daxil olması hədəflənir.
Təşəbbüs universitet, məzun, tələbə və işəgötürən arasında qarşılıqlı faydalı əməkdaşlıq modelinin formalaşdırılması baxımından da əhəmiyyətlidir. Belə ki, tələbələr peşəkar mentorluq və təcrübə imkanları əldə edir, məzunlar öz bilik və təcrübələrini yeni nəslin inkişafına yönəldir, işəgötürənlər isə gənc mütəxəssislərin hazırlanması prosesində iştirak edirlər.
Xəzər Universitetinin Karyera və Məzunlar Mərkəzi tərəfindən həyata keçirilən bu təşəbbüs universitetlə məzunlar arasında əlaqələrin davamlı inkişafına, tələbələrin fərdi karyera hədəflərinə uyğun imkanlarla əlaqələndirilməsinə və peşəkar inkişaflarının dəstəklənməsinə yönəlib. Proqramın gələcək mərhələlərində də məzunların peşəkar təcrübəsinin tələbələrin inkişafı üçün səfərbər edilməsi nəzərdə tutulur.