Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində 2026-cı il oktyabrın 15-16-da “Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühiti” adlı elmi simpozium keçirilib. Simpoziumda Xəzər Universitetinin Həyat elmləri departamentinin müəllimi Gülafət Safiyeva “Şəhər şəraitində yaşayan gənclərdə təbiətə bağlılıq (NR-6) ilə depressiya, təşviş və stres arasındakı əlaqələr” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə urbanizasiya şəraitində təbii mühitlə əlaqənin azalmasının gənclərin psixoloji sağlamlığı ilə əlaqəsi, şəhər həyatının yaratdığı stres amilləri və təbiətə bağlılığın mümkün qoruyucu rolu, həmçinin, təbiətlə təmasın diqqətin bərpasında, zehni yorğunluğun azalmasında və psixoloji rifahın dəstəklənməsində əhəmiyyəti izah edilib.
Təqdim olunan tədqiqat təbiətə bağlılıq və açıq havada istirahətin depressiya, təşviş və stres göstəriciləri ilə mənfi əlaqəsini nümayiş etdirib. Məruzədə əldə olunan nəticələrin şəhərsalma və ictimai sağlamlıq baxımından əhəmiyyəti vurğulanıb. Yaşıl zonaların əlçatanlığının artırılması, gənclərin açıq havada istirahət imkanlarının genişləndirilməsi, təbiətlə əlaqənin təhsil mühitində təşviq edilməsi və sağlam urban məkanların yaradılması psixoloji rifahın dəstəklənməsi üçün əhəmiyyətli istiqamətlər kimi təqdim olunub.
Çıxışın əsas mesajı ondan ibarət olub ki, şəhər mühitində yaşıllıqlar yalnız estetik və ekoloji element deyil, həm də əhalinin, xüsusilə gənclərin psixoloji sağlamlığının qorunmasına töhfə verə biləcək mühüm resursdur. Bu baxımdan, dayanıqlı şəhərsalma yanaşmalarında təbii mühitin qorunması və insanların təbiətlə gündəlik təmasının təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.