18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimləri tərəfindən dərslər çərçivəsində xüsusi seminarlar təşkil olunub.
Dərslər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra seminarlar çərçivəsində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyəti, milli dövlətçilik ənənələri və müstəqilliyin qorunub saxlanılmasının vacibliyi haqqında müzakirələr aparılıb.
Seminarlarda tələbələrə 1991-ci il oktyabrın 18- də Azərbaycanın dövlət müstəqilliyinin bərpası, bu tarixi hadisənin ölkəmizin siyasi və ictimai həyatındakı rolu, eləcə də müstəqil dövlət quruculuğunun əhəmiyyəti barədə məlumat verilib.
Seminarların əsas məqsədi tələbələrin tarixi biliklərini genişləndirmək, milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək və gənc nəsildə müstəqil Azərbaycanın tarixinə, dövlətçilik ənənələrinə hörmət hissini aşılamaq olub.