2026-cı il oktyabrın 3–7-də Bakıda “KOYA” (Kent Orman Yaşam Atölyesi) platformasının 11-ci sessiyası keçirilib. Beynəlxalq layihənin əsas məqsədi Bakının Nizami küçəsində, xalq arasında “Tarqovaya” kimi tanınan ərazinin gələcək inkişaf imkanlarını dövri iqtisadiyyat prinsipləri əsasında araşdırmaq olub.
45 tələbənin iştirak etdiyi layihə çərçivəsində üç komanda yaradılıb. Komandalar ərazinin müxtəlif aspektlərini təhlil edərək, onun gələcək inkişafına dair layihə təklifləri hazırlayıblar. İştirakçılar müxtəlif ölkələrdən olan müəllimlərin mühazirələrini dinləyib, şəhər mühitinin davamlı inkişafı və yenidən təşkili ilə bağlı müasir yanaşmalarla tanış olublar.
Proqram çərçivəsində Nizami küçəsinə səfər təşkil edilib. Səfər zamanı Aydoğan hocanın xüsusi dərsi keçilib. Dərs tələbələrə şəhər məkanını yerində müşahidə etmək, onun xüsusiyyətlərini araşdırmaq və layihənin məqsədləri kontekstində qiymətləndirmək imkanı yaradıb.
Xəzər Universitetini layihədə Memarlıq, dizayn və təsviri incəsənət müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələr təmsil ediblər. İnşaat mühəndisliyi və Psixologiya ixtisaslarının tələbələri də layihədə iştirak ediblər. Bu sessiyada ilk dəfə olaraq İqtisadiyyat ixtisası üzrə təhsil alan tələbələr də iştirakçılar sırasına qoşulublar. Müxtəlif akademik sahələri təmsil edən tələbələrin bir araya gəlməsi şəhər mühitinin problemlərinə fənlərarası yanaşmanın formalaşmasına şərait yaradıb.
Layihə çərçivəsində Xəzər Universitetinin memarlıq və dizayn departamentinin koordinatoru Nigar Əliyeva, İnşaat mühəndisliyi departamentinin müəllimi Aynurə Əliyeva da mühazirə ilə çıxış edib, universitetin digər nümayəndələri də. Dilarə Məstəliyeva da çıxış edərək iştirakçılar arasında bilik və təcrübə mübadiləsinə töhfə veriblər.
Layihənin diqqətçəkən məqamlarından biri Xəzər Universitetinin Memarlıq ixtisası üzrə III kurs tələbəsi Əminə Əliyevanın xüsusi çıxışı olub. İnşaat mühəndisliyi ixtisasını təmsil edən Əlmusa Dəmirov da iştirakçılar arasında fikir və təcrübə mübadiləsinə töhfə verib.
“KOYA” (Kent Orman Yaşam Atölyesi) birgə öyrənmə və layihələndirmə fəaliyyətlərini birləşdirən, eyni zamanda, öz müəllimlərinin yetişdirilməsinə yönəlmiş beynəlxalq təlim platformasıdır. Platforma iştirakçılara bilik və təcrübələrini bölüşmək, yeni yanaşmalar mənimsəmək və praktiki bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.
“KOYA 11” beynəlxalq layihəsi tələbələrə Nizami küçəsinin gələcəyini memarlıq, şəhərsalma, mühəndislik, sosial elmlər və iqtisadiyyat perspektivlərindən araşdırmaq imkanı verib. Müxtəlif ölkələrdən və akademik sahələrdən olan iştirakçıları bir araya gətirən layihə şəhər mühitinin davamlı inkişafı, dövri iqtisadiyyat prinsiplərinin tətbiqi və innovativ şəhər həllərinin formalaşdırılması istiqamətində birgə düşüncənin inkişafına töhfə verib.