Xəzər Universitetinin Siyasi elmlər və fəlsəfə departamentinin müdiri, dosent Orxan Vəliyev 2026-cı il 6-8 noyabrda Türkiyənin Ərzurum şəhərinin Palandöken bölgəsində keçiriləcək Beynəlxalq Orta Dəhliz Palandöken Diplomatiya Simpoziumunun (International Middle Corridor Palandöken Diplomacy Symposium – 2026) Elmi Komitəsinə üzv seçilib.
Simpozium qlobal ticarət marşrutlarının və geosiyasi münasibətlərin yenidən formalaşdığı müasir dövrdə Asiya ilə Avropanı birləşdirən Orta Dəhlizin strateji əhəmiyyətini, gələcək perspektivlərini və regional əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədi daşıyır.
Hibrid formatda keçiriləcək beynəlxalq elmi tədbir Orta Dəhlizin iqtisadi, siyasi, diplomatik, hüquqi, logistika, texnoloji və sosial-mədəni aspektlərini fənlərarası yanaşma əsasında nəzərdən keçirmək üçün akademikləri, tədqiqatçıları, dövlət və beynəlxalq təşkilatların nümayəndələrini, eləcə də digər maraqlı tərəfləri bir araya gətirəcək.
Simpozium çərçivəsində təqdim olunan elmi məruzələr ikili anonim rəyçilik prosesindən keçiriləcək. Qəbul edilən və təqdim olunan məruzələrin xülasələri və tam mətnləri ayrıca ISBN nömrələri ilə nəşr olunacaq toplularda dərc ediləcək.