Xəzər Universitetinin Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsi və Təhsil departamentinin təşkilatçılığı ilə 2026-cı il sentyabrın 28-də doktorant Fatimə Vəliyevanın “Ali təhsildə beynəlmiləlləşmə: maraqlı tərəflərin baxışları və Azərbaycan konteksti” mövzusunda seminarı keçirilib.
Fatimə Vəliyeva “2022–2028-ci illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Xəzər Universiteti ilə üçtərəfli müqavilə əsasında İngiltərənin Southampton Universitetində Təhsil ixtisası üzrə doktorantura təhsili alır.
Seminar zamanı ali təhsildə beynəlmiləlləşmənin əsas istiqamətləri, bu prosesdə müxtəlif maraqlı tərəflərin rolu və yanaşmaları, eləcə də beynəlmiləlləşmənin Azərbaycan ali təhsil sistemi kontekstində xüsusiyyətləri müzakirə olunub. Məruzədə tələbə və müəllim mobilliyi, beynəlxalq akademik əməkdaşlıq, tədris proqramlarının beynəlxalq məzmunla zənginləşdirilməsi, elmi-tədqiqat tərəfdaşlıqlarının genişləndirilməsi və ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin artırılması kimi məsələlərə toxunulub.
Təqdimat zamanı beynəlmiləlləşmə prosesinin uğurlu həyata keçirilməsində universitet rəhbərliyi, akademik heyət, tələbələr və digər maraqlı tərəflər arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Eyni zamanda, beynəlxalq təcrübənin yerli institusional və sosial-mədəni kontekstə uyğunlaşdırılmasının vacibliyi qeyd olunub.
Seminar iştirakçıların sualları və mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.