Çin Xalq Respublikasının paytaxtı Pekin şəhərində Çin Sosial Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun təşkilatçılığı ilə 2026- cı il sentyabrın 17- dən 23- dək “Rəqəmsallaşdırma, yaşıllaşdırma, müştərək transformasiya və dayanıqlı inkişaf” mövzusunda keçirilən Avrasiya seminarında Azərbaycanı təmsil edən alimlər arasında Xəzər Universitetinin çin dili müəllimi, f.ü.f.d. Nərgiz Kərimova da yer alıb. Nərgiz Kərimova seminarda ““Bir kəmər, bir yol” təşəbbüsü kontekstində Çin-Azərbaycan ədəbi əlaqələri” mövzusunda məruzə ilə çıxış edib.
Müxtəlif ölkələrdən alimlərin, tədqiqatçıların, ali təhsil müəssisələrinin nümayəndələrinin və müxtəlif sahələr üzrə mütəxəssislərin iştirak etdiyi seminar Avrasiya məkanında elmi, iqtisadi, texnoloji və humanitar əməkdaşlığın aktual istiqamətlərinin müzakirəsi üçün beynəlxalq platforma olub.
Nərgiz Kərimova səfər çərçivəsində Guizhou rəsmi telekanalına Çin dilində müsahibə də verib. Müsahibə zamanı o, ədəbiyyatın bir ölkənin mədəniyyətini tanımağın mühüm yollarından biri olduğunu vurğulayıb. Qeyd edib ki, rəqəmsal texnologiyaların inkişafı ədəbiyyat və mədəniyyət mübadiləsini daha asan və əlçatan edir. Qısa videolar, internet platformaları, süni intellekt və tərcümə texnologiyaları vasitəsilə Çin və Azərbaycan ədəbiyyatını, eləcə də mədəniyyətə dair hekayələri daha sürətlə paylaşmaq mümkündür.
Nərgiz Kərimova həmçinin, Çin və Azərbaycan gəncləri arasında birbaşa ünsiyyət imkanlarının genişləndirilməsinin vacibliyini qeyd edərək, gənclər forumlarının, mədəni tədbirlərin, ədəbi mübadilələrin və tələbə mübadilə proqramlarının təşkilinin iki ölkənin gəncləri arasında qarşılıqlı anlaşma və mədəni əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.