Xəzər Universitetinin Tarix müəllimliyi ixtisasının II kurs tələbələri “Qədim dünya tarixi” fənni üzrə seminar tapşırığına hazırlıq məqsədilə 2026- cı il sentyabrın 22- də Azərbaycan Milli Tarix Muzeyində olublar. Səfəri “Qədim dünya tarixi” fənnini tədris edən müəllim Orxan Zamanov təşkil edib.
Səfərin əsas məqsədi müəllim tərəfindən verilmiş seminar tapşırığının hazırlanması üçün mövzu ilə bağlı əlavə materiallar toplamaq, qədim dövrlərə aid arxeoloji nümunələri yerində görmək və dərslərdə öyrənilən nəzəri bilikləri muzey materialları əsasında zənginləşdirmək olub.
Seminar mövzusuna uyğun olaraq, tələbələr muzeyin aşağı zalında yerləşən ekspozisiyalarla tanış olublar. Tanışlıq zamanı qədim dövrlərə aid əsas arxeoloji tapıntılara, o cümlədən saxsı qablar, əmək alətləri, silahlar, bəzək əşyaları və digər maddi-mədəniyyət nümunələrinə baxış keçirilib. Tələbələr qədim insanların gündəlik həyatı, təsərrüfat fəaliyyəti, sənətkarlığı və mədəniyyəti haqqında məlumat əldə edib, seminar üçün zəruri materialları qeydə alıblar.
Muzeydə nümayiş olunan arxeoloji tapıntılar tələbələrə qədim cəmiyyətlərin həyatını və maddi mədəniyyətini daha yaxından öyrənmək imkanı yaradır. Ekspozisiyalarla tanışlıq zamanı seminar tapşırığının mövzusuna uyğun nümunələrə xüsusi diqqət yetirilib və onların tarixi əhəmiyyəti nəzərdən keçirilib.
Bu cür muzey səfərləri tələbələrin tarixi mənbələrlə birbaşa tanış olması, nəzəri biliklərini praktik müşahidələrlə tamamlaması və seminar tapşırıqlarını daha əhatəli şəkildə hazırlaması baxımından əhəmiyyət daşıyır. Azərbaycan Milli Tarix Muzeyindəki arxeoloji materialların öyrənilməsi tələbələrə qədim dünya tarixinin müxtəlif aspektlərini daha əyani şəkildə mənimsəməyə imkan verir.
Səfərdən sonra tələbələr seminar tapşırığının hazırlanması üçün topladıqları materialları sistemləşdirib, muzeydə gördükləri arxeoloji nümunələr əsasında əldə etdikləri məlumatları gələcək təqdimat və müzakirələrdə istifadə etmək imkanı qazanıblar.