2016-cı il aprelin 22-də Xəzər Universiteti və British Council-in birgə təşkilatçılığı ilə universitetin “Mərmər” zalında Uilyam Şekspirin ölümünün 400 illiyinə həsr olunmuş “Şekspir dünyada” adlı konfrans keçirdi.
Konfransı giriş sözü ilə Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı açaraq, qonaqları salamladı və belə bir konfransa ev sahibliyi etməkdən məmnun olduqları bildirdi.
Sonra söz Böyük Britaniyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri İrfan Siddiqə verildi. Səfir i.Siddiq belə bir məsuliyyəti öz üzərinə götürdüyü üçün Xəzər Universitetinə təşəkkürünü bildirdi.
British Council-ın Azərbaycan üzrə direktoru Elizabet Vayt da tədbirlə bağlı fikirlərini bölüşdü.
Daha sonra tədqiqatçılar –Lester Universitetindən (Birləşmiş Krallıq) professor Sarah Knight, İlia Dövlət Universitetindən (Gürcüstan) Natalia Tvalçrelidze, Azərbaycanın müxtəlif təhsil ocaqlarından Alla Bayramova, Sabir Mustafa, Qılıncxan Bayramov U.Şekspirlə bağlı apardıqları tədqiqatlardan təqdimatlar etdilər.
Akademik yönümlü təqdimatlara əlavə olaraq, konfransda “Dünya” məktəbinin şagirdlərinin, Xəzər Universitetinin tələbələrinin təqdimatları, film və qısa dram səhnələri nümayiş etdirildi.