2017-ci il iyulun 12-də Xəzər Universitetinin İqtisadiyyat və menecment departamentində pakistanlı doktorant Sana İmranın “Müəssisələrin təşkili və idarə olunması” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Milli kimliyin formalaşmasında brendlərin rolu” (Role of Brands in construction of National Identity) mövzusunda təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçirildi. Elmi iş Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun Dünya İqtisadiyyatı və Geoiqtisadi Əlaqələr Şöbəsinin böyük elmi işçisi, i. e. f.d., dosent Elman İbişovun rəhbərliyi ilə yerinə yetirilmişdir.
İqtisadiyyat və menecment fakültəsinin dekanı, i. e. f.d. Ceyhun Məmmədov müzakirəni açaraq, Sana İmranın elmi işi haqqında qısa məlumat verdi. Sonra Sana İmran öz tədqiqatı haqqında geniş təqdimatla çıxış etdi. İşin elmi rəhbəri Elman İbişov çıxışında tədqiqatın nəzəri və praktik əhəmiyyətindən danışaraq, Azərbaycana aid mövzunun xarici tədqiqatçı tərəfindən tədqiq olunmasının xüsusi önəm daşıdığını qeyd etdi və tədqiqat işini, əsasən, müsbət qiymətləndirdi.
Müzakirələrdə Xəzər Universitetinin Doktorantura, magistratura və elmi işlər bölməsinin müdiri, dosent Eldar Şahgəldiyev, departamentin müəllimləri Bahadır Baysal, Vüsal Məmmədrzayev və Fuat Rəsilov çıxıç edərək, tədqiqat işi haqqında müsbət fikir və mülahizələrini bildirməklə yanaşı, müəyyən nöqsanların da olduğunu göstərdilər.
Sonda Sana İmranın fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin, nöqsanların düzəldilməsi şərti ilə, müdafiəyə buraxılması haqqında yekdilliklə qərar qəbul edildi.