2026-cı il 28- 29 oktyabrda “BGP” və “Caspian Geo” tərəfindən SOCAR-ın iştirakı ilə təşkil olunan “Creating the Right Environment” tədbirində Xəzər Universitetinin Neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alan 4 tələbəsi iştirak edib.
Tədbirdə Xəzər Universitetini Society of Exploration Geophysicists (SEG) Khazar Tələbə Cəmiyyətinin nümayəndələri və könüllüləri kimi Zəhra Omarova və Tamerlan Qasımzadə (IV kurs), Qəmər Əmirli və Mədinə Zəngiyeva (III kurs) təmsil ediblər.
Tədbir müddətində tələbələr təşkilati işlərdə könüllü kimi fəaliyyət göstərməklə yanaşı, enerji sənayesinin aparıcı nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, texniki təqdimat və müzakirələri izləmək, həmçinin ilkin peşəkar təcrübə qazanmaq imkanı əldə ediblər.
Qeyd edək ki, bu kimi nüfuzlu sənaye platformalarında iştirak tələbələrin əmək bazarı ilə əlaqələrinin genişləndirilməsi, praktiki biliklərinin möhkəmləndirilməsi və gələcək karyera inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.