Xəzər Universitetində “Türkoloji Qurultayın 100-cü ili” və “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyası çərçivəsində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının IV kurs tələbələri üçün 2026- cı il sentyabrın 23- də inteqrativ dərs olub. Dərs çərçivəsində tanınmış türkoloq prof. Nazim Muradov tələbələr üçün “Dil və ədəbiyyat dərslərində idrak taksonomiyalarının tətbiqi” mövzusunda çıxış edib.
Dillər və ədəbiyyatlar departamentinin müdiri dos. Dilbər Zeynalova mövzunun dil və ədəbiyyat fənlərinin tədrisi baxımından aktuallığını və əhəmiyyətini vurğulayıb.
Prof. Nazim Muradov çıxışı zamanı idrak taksonomiyalarının dil və ədəbiyyat dərslərində tətbiqi imkanlarından danışıb. O, xüsusilə klassik ədəbiyyat nümunələrinin tədrisi zamanı müxtəlif idrak səviyyələrinə əsaslanan yanaşmaların necə tətbiq oluna biləcəyini konkret və əyani nümunələr əsasında izah edib.
Qarşılıqlı müzakirə əsasında keçən inteqrativ dərs tələbələrin nəzəri biliklərini müasir tədris metodları ilə əlaqələndirməsinə, gələcək pedaqoji fəaliyyətlərində idrak taksonomiyalarından səmərəli istifadə imkanlarını mənimsəməsinə, həmçinin, dil və ədəbiyyat tədrisinə müasir və inteqrativ yanaşmaların tətbiqi barədə təsəvvürlərinin genişlənməsinə xidmət edir.