Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, dos. Telman Nüsrətoğlu Özbəkistana səfəri çərçivəsində 2026- cı il sentyabrın 18- də universitetlərarası əməkdaşlığın inkişafı istiqamətində görüşlərini davam etdirib.
Kokand və Əndican universitetlərində keçirilən görüşlərdən sonra Daşkənd şəhərində yerləşən Dəqiq və İctimai Elmlər Universitetinə (AIFU) də səfər olub. Səfər çərçivəsində universitetin rektoru, Prof. Dr. Galibcan Batırov ilə görüş keçirilib.
Görüş zamanı iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq imkanları, birgə elmi və akademik layihələrin həyata keçirilməsi, eləcə də gələcəkdə müxtəlif istiqamətlər üzrə qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib.
Səfər zamanı AIFU-nun Türkologiya Mərkəzinin rəhbəri Ənvər Buranovla da görüş olub. Görüşdə Türk dünyasının tarixi, mədəniyyəti və elmi irsinin araşdırılması istiqamətində birgə layihələrin həyata keçirilməsi və akademik əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Proqram çərçivəsində Telman Nüsrətoğlu universitet tələbələri ilə də görüşərək, mühazirə ilə çıxış edib. Görüşdə Türk dünyasının ortaq tarixi, milli-mənəvi dəyərləri, Azərbaycan–Özbəkistan əlaqələri və gənclərin bu istiqamətlərdə elmi-tədqiqat fəaliyyətində iştirakı ilə bağlı məsələlərə toxunulub.
Səfər Azərbaycan və Özbəkistanın ali təhsil müəssisələri arasında akademik və elmi əlaqələrin möhkəmləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi baxımından əhəmiyyət daşıyır.