Xəzər Universiteti Siyasi elmlər və fəlsəfə departamentinin müdiri Dos. Orxan Vəliyev 2026-cı il sentyabrın 16- da Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) aparıcı milli analitik mərkəzlərinin II beynəlxalq konfransında iştirak edib. “Türk Dövlətləri Təşkilatı çərçivəsində davamlı məsləhətləşmələr və birgə tədqiqatlar vasitəsilə iqtisadi əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunan konfrans İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən təşkil olunub.
Konfransın əsas məqsədi Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında davamlı məsləhətləşmələrin, birgə tədqiqatların və əlaqələndirilmiş siyasət fəaliyyətinin təşviqi, iqtisadi əməkdaşlığın və regional inteqrasiyanın gücləndirilməsi olub. Tədbirdə həmçinin, ticarət, investisiya, nəqliyyat və logistika, enerji, rəqəmsal transformasiya, innovasiya, ərzaq təhlükəsizliyi və davamlı inkişaf kimi strateji istiqamətlər müzakirə edilib.
Konfransın açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuralıyev, Milli Məclis sədrinin müavini Musa Qasımlı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı və Türkiyə Böyük Millət Məclisinin deputatı, Ədalət və İnkişaf Partiyasının türk dövlətləri ilə əlaqələr üzrə sədr müavini Kürşad Zorlu çıxış ediblər.
Tədbir çərçivəsində “Orta Dəhliz regional inteqrasiya və infrastruktura əsaslanan inkişaf üçün katalizator kimi”, “TDT dövlətləri arasında ticarət və iqtisadi əlaqələrin qiymətləndirilməsi: tendensiyalar və istifadə olunmamış imkanlar” və “Davamlı inkişaf üçün innovasiya: siyasət çərçivələri və iqtisadi transformasiya” mövzularında panel müzakirələri keçirilib.
Beynəlxalq konfrans siyasətçiləri, alimləri, analitik mərkəzlərin nümayəndələrini, beynəlxalq təşkilatları, maliyyə institutlarını və biznes nümayəndələrini bir araya gətirərək, Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığın gələcək istiqamətlərinin müzakirəsi üçün platforma yaradıb.
Link: https://xalqqazeti.az/az/last-news/279789-turk-dovletleri-teskilatinin-aparici-milli