2026- cı il noyabrın 24-də Xəzər Universitetinin Mərmər salonunda universitetin və Nailəxanım Fondunun birgə təşkilatçılığı ilə Nailəxanım Təqaüdünün təqdimat mərasimi keçirilib. 2026–2027-ci tədris ilində təqaüdə magistratura pilləsində təhsil alacaq iki əcnəbi tələbə layiq görülüb: Elektron sistemlər və qurğular ixtisası üzrə pakistanlı Malaika Shahid və İntellektual sistemlər ixtisası üzrə banqladeşli Sanjida Ahmed.
Tədbirdə universitetin rəhbərliyi və əməkdaşları, Nailəxanım Fondunun təmsilçiləri, “Dünya” məktəbinin rəhbərliyi, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun üzvləri, dövlət qurumlarının və yerli təşkilatların nümayəndələri iştirak ediblər.
Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayeva salamlama çıxışında görkəmli pedaqoq Nailəxanım İsayevanın pedaqoji fəaliyyətindən və xatirəsindən danışıb, Fondun təsis edilməsinin məqsədini xatırladıb. Rektor qız tələbələrin ali təhsilə çıxışının dəstəklənməsinin universitet üçün əhəmiyyətini vurğulayıb, təqaüdçüləri təbrik edərək, onlara akademik fəaliyyətlərində uğurlar arzulayıb.
“Dünya” məktəbinin direktoru, Nailəxanım Fondunun rəhbəri, Xəzər Universiteti Direktorlar və Qəyyumlar Şurasının üzvü Aygün İsayeva-Gardiner Fondun fəaliyyəti və təqaüd proqramının bu illər ərzində keçdiyi yol barədə məlumat verib. O, Nailəxanım İsayevanın təhsilə olan sevgisini və qadınların təhsilinə verdiyi dəyəri xatırladaraq, Fondun bu missiyanı davam etdirdiyini bildirib və builki təqaüdçüləri təqdim edib.
Təqaüdçülərdən Malaika Shahid çıxış edərək elmi maraq dairəsi barədə danışıb və Nailəxanım Təqaüdünə layiq görülməsindən şərəf duyduğunu qeyd edib.
Tədbirdə Nailəxanım İsayevanın təhsil sahəsindəki irsinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib. İştirakçılar görkəmli pedaqoqun çoxşaxəli fəaliyyəti, eləcə də onun Xəzər Universitetinin və “Dünya” məktəbinin yaranması və inkişafındakı rolu ilə tanış olublar.
Tədbir çərçivəsində Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayevanın moderatorluğu ilə “Fürsətdən təsirə: sərhədləri aşan qadın liderliyi” (“From Opportunity to Influence: Women Leading Across Borders”) adlı panel müzakirəsi keçirilib.
Panel müzakirəsində Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım María Victoria Romero Caballero, Kolumbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Nelsy Raquel Munar Jaramillo, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir xanım Marijana Kujundžić, Estoniya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Tiina Nirk və İsveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Louise Morsing iştirak ediblər. Onlar qadın liderliyi, diplomatiyada və beynəlxalq əməkdaşlıqda qadınların rolu, həmçinin, təhsilin qadınlar üçün yaratdığı imkanlar barədə öz təcrübələrini bölüşüblər. Müzakirə iştirakçıların suallarının cavablandırılması ilə yekunlaşıb.
Panel iştirakçıları vurğulayıblar ki, səfirliklərin və müxtəlif qurumların geniş təmsil olunduğu bu cür tədbirlər ali təhsil müəssisələri ilə beynəlxalq tərəfdaşlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə və multikultural dəyərlərin təşviqinə mühüm töhfə verir.
Mərasimin bədii proqramını Nailəxanım Kamera Orkestri açıb. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist İlahə Əfəndiyeva orkestrin müşayiəti ilə musiqisi Nailəxanım İsayevanın, sözləri Prof.Akad. Hamlet İsaxanlının olan “Gözəldi” və “Tez gəlin” mahnılarını, solist Asim Muradov isə “Səni sevdim çox sadəcə” mahnısını ifa edib.
Mərasim yekun söz, təşkilatçıların təşəkkürləri və xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.