Xəzər Universitetinin Psixologiya Klubunun təşkilatçılığı ilə 2026-cı il noyabrın 25-də “Depressiya: psixologiyadan neyrobiologiyaya” mövzusunda seminar keçirilib. Universitetin koordinatoru, neyroelm üzrə mütəxəssis Xanım Rzayeva tərəfindən təqdim olunan seminarda tələbələrə depressiyanın klinik və psixoloji xüsusiyyətləri ilə yanaşı, neyrobioloji əsaslarından söz açılıb. İştirakçılara bu pozuntunun yaranmasında rol oynayan bioloji, psixoloji və sosial faktorlar, beyində müşahidə olunan struktur və funksional dəyişikliklər, müxtəlif beyin bölgələrinin depressiv simptomların formalaşmasındakı rolu və bu proseslərin əsasında dayanan neyrobioloji mexanizmlər müasir elmi tədqiqatlara uyğun izah edilib.
Bununla yanaşı, depressiyanın müalicəsində tətbiq olunan müasir yanaşmalara və bu barədə cəmiyyətdə geniş yayılmış yanlış təsəvvürlərə də toxunulub
Seminarın sonunda tələbələr sual-cavab sessiyasında fəal iştirak edib, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.