Xəzər Universitetinin İnformasiya texnologiyaları departamentinin rəhbəri Fərid Musayev süni intellektin iş proseslərinə sürətli inteqrasiyası, şirkətlərin bu dəyişikliklərə uyğunlaşması və əməkdaşların gələcəkdə dəyişəcək rolları barədə fikirlərini bölüşüb.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən Fərid Musayev bildirib ki, son iki ildə iş yerlərində süni intellektdən istifadə göstəricisinin 21 faizdən 40 faizə yüksəlməsi əmək bazarında texnoloji dəyişikliklərin sürətləndiyini göstərir. İT sektorunda bu göstəricinin 76 faizə çatması isə sahədə süni intellektin rolunun daha da böyük olduğunu nümayiş etdirir.
Ekspertin sözlərinə görə, xüsusilə Z nəslinin süni intellekt alətlərindən aktiv istifadə etməsi şirkətlərin iş proseslərini yeni texnologiyalara uyğunlaşdırmasını strateji zərurətə çevirir.
Fərid Musayev şirkətlərin süni intellektə keçid zamanı üç əsas istiqamətə diqqət yetirməli olduğunu qeyd edib. Onun sözlərinə görə, şirkət əməkdaşlarına açıq və nəzarətsiz süni intellekt alətlərindən istifadə etmək əvəzinə, şirkət məlumatlarının qorunmasını təmin edən korporativ süni intellekt həlləri təqdim etməlidir.
Ekspert vurğulayıb ki, yalnız süni intellekt texnologiyasının tətbiqi kifayət deyil. Əməkdaşların süni intellektə düzgün tapşırıqlar vermək, effektiv promptlar hazırlamaq və əldə olunan nəticələri qiymətləndirmək kimi yeni bacarıqlara yiyələnməsi də vacibdir.
Fərid Musayevin fikrincə, süni intellekt mövcud iş sistemlərinə sadəcə əlavə edilməməli, iş axınları texnologiyanın imkanlarından maksimum istifadə ediləcək şəkildə yenidən qurulmalıdır.
Mütəxəssis bildirib ki, süni intellekt əməkdaşların işini tamamilə əvəz etməkdən daha çox, onların işgörmə formasını dəyişəcək. Əvvəllər hesabat hazırlayan və ya kod yazan əməkdaşın gələcəkdə süni intellektə tapşırıq verən, onun hazırladığı nəticələri yoxlayan, redaktə edən və təsdiqləyən rola keçməsi mümkündür.
Ekspertin sözlərinə görə, süni intellektin səhv edə bilməsi insan nəzarətinin əhəmiyyətini daha da artırır. Buna görə əməkdaşların əsas üstünlüyü süni intellektin təqdim etdiyi məlumatları kor-koranə qəbul etmək deyil, onları yoxlamaq və düzgün qiymətləndirmək bacarığı olacaq.
Fərid Musayev qeyd edib ki, süni intellekt böyük həcmdə məlumatı yüksək sürətlə emal edə bilsə də, empatiya, liderlik, strateji qərarvermə və yaradıcılıq kimi bacarıqlar hələ də insanın əsas üstünlükləri olaraq qalır.
Ekspertin fikrincə, gələcəyin əmək bazarında daha çox dəyər qazanan mütəxəssislər texniki bacarıqları insan yönümlü bacarıqlarla birləşdirə bilən şəxslər olacaq.
https://demokrat.az/az/news/295056/is-yerinde-boyuk-deyisiklik-baslayir-sizi-hansi-yeni-rol-gozleyir