Xəzər Universiteti Psixologiya departamentinin əməkdaşı, Xəzər Psixoloji Xidmət Mərkəzinin psixoloqu Mirsadiq Muxtarov 2026-cı il avqustun 15-də “Tehsil365” xəbər portalına imtahan stressi, valideynlərin akademik gözləntiləri və uşaqların psixoloji sağlamlığı ilə bağlı fikirlərini bölüşüb.
Psixoloq bildirib ki, imtahan stressini yalnız imtahanın özü ilə əlaqələndirmək düzgün deyil. Onun sözlərinə görə, ailənin gözləntiləri, müəllimlərin münasibəti, uşağın özünə qoyduğu tələblər və gələcəklə bağlı narahatlıqlar da psixoloji təzyiqi artırır. Qiymətin uşağın şəxsi dəyərinin əsas göstəricisi kimi qəbul edilməsi isə şagirdin imtahanı özünü sübut etməli olduğu vasitə kimi görməsinə səbəb ola bilər.
Mirsadiq Muxtarov qeyd edib ki, valideynlərin yüksək nəticə gözləntiləri uşağın qabiliyyəti və emosional vəziyyəti nəzərə alınmadan davamlı təzyiqə çevrildikdə uğursuzluq qorxusu, narahatlıq, özünəinamın azalması, perfektsionizm və emosional tükənmə yarada bilər. Psixoloq vurğulayıb ki, uşağın davamlı müqayisə edilməsi və təkcə nəticəsinə görə qiymətləndirilməsi onun öz dəyərini yalnız nailiyyətləri ilə ölçməsinə gətirib çıxara bilər. O bildirib ki, valideynin əsas məqsədi ancaq yüksək nəticə tələb etmək deyil, həmçinin, uşağın öyrənmə motivasiyasını, özünəinamını və psixoloji dayanıqlığını qorumaq olmalıdır.
Mirsadiq Muxtarov qeyd edib ki, sağlam akademik mühitdə uşaq həm məsuliyyətliliyi, həm də uğursuzluğun həyatın normal bir hissəsi olduğunu öyrənməlidir. Uşağın dəyəri yalnız aldığı qiymət və nəticə ilə deyil, göstərdiyi səy və cəhdlə də müəyyən olunur.
Müsahibənin tam versiyası aşağıdakı linkdə: