Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu, AMEA Arxeologiya və Antropologiya İnstitutu və Qazaxıstan Respublikasının "Xan Ordalı Sarayşık" Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğunun birgə təşkilatçılığı ilə 2026- cı il iyulun 17- də “Mədəni irsin qorunması və arxeologiya: elmi tədqiqatlar, beynəlxalq əməkdaşlıq və gələcək perspektivlər” mövzusunda beynəlxalq onlayn elmi seminar keçirilmişdir.
BDU-nun dosenti, tarix elmləri namizədi Yunis Nəsiblinin moderatorluq etdiyi seminarın əsas məqsədi mədəni irsin qorunması, arxeoloji tədqiqatların müasir vəziyyəti, bu sahədə beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və gələcək birgə elmi fəaliyyət istiqamətlərinin müzakirəsi olmuşdur. Tədbirdə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş digər qoruqların əməkdaşları, Bakı Dövlət Universitetinin magistrantları, eləcə də, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi Dr. Yaqub Məmmədov, Humanitar, təhsil və sosial elmlər fakültəsinin (HESS) Tarix müəllimliyi ixtisası üzrə təhsil alan 25 tələbə iştirak etmişdir.
Tədbir Azərbaycan və Qazaxıstan arasında tarix, arxeologiya və mədəni irsin qorunması sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm elmi platforma kimi qiymətləndirilmişdir.
Seminarı giriş nitqi ilə açan “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev mədəni irsin qorunması və elmi tədqiqatların səmərəliliyinin artırılmasında beynəlxalq əməkdaşlığın əhəmiyyətindən bəhs etmiş, ortaq tarixi-mədəni dəyərlərin öyrənilməsi istiqamətində birgə elmi layihələrin, arxeoloji ekspedisiyaların, mütəxəssis hazırlığının və təcrübə mübadiləsinin vacibliyini vurğulamışdır.
Daha sonra "Xan Ordalı Sarayşık" Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğunun direktoru, tarix elmləri doktoru, professor Abilseit Kapizuliy Mukthar “Sarayşık muzey-qoruğunun elmi-tədqiqat fəaliyyəti və onun orta əsr abidələrinin qorunması, mühafizəsi və təbliğindəki rolu”, AMEA Arxeologiya və Antropologiya İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımov “Keşikçidağ kurqanları”, "Xan Ordalı Sarayşık" Dövlət Tarix-Mədəniyyət Muzey-Qoruğunun direktor müavini Amangəldi Zhenisuly Zhumabayev “Aşısay Qızıl Orda şəhərciyində arxeoloji tədqiqatlar” və həmin qoruğun elmi işçiləri Aibek Turaruly “Sarayşıq orta əsr şəhərciyinin arxeoloji cəhətdən öyrənilməsinin əsas mərhələləri”, Junis Rustemuly Baigaliyev isə “Qaraqaylı arxeoloji kompleksi: son tədqiqatlar və yeni məlumatlar” mövzusunda çıxış etmişlər.
Seminar çərçivəsində iştirakçılar tərəfindən mədəni irsin mühafizəsində müasir yanaşmalar, arxeoloji irsin rəqəmsallaşdırılması, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi, birgə ekspedisiyaların təşkili və gələcək elmi layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.