Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin idarəetməsinə verilmiş "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğu, AMEA Arxeologiya və Antropologiya İnstitutu və Qazaxıstan Respublikasının "Ezelgi Taraz" Tarix-Mədəniyyət Muzey-Qoruğunun birgə təşkilatçılığı, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Azad Zeynalovun moderatorluğu ilə 2026- cı il iyunun 17- də "Mədəni irs, elmi tədqiqat və gənclər: VI Yay Məktəbi kontekstində Keşikçidağ–Taraz dialoqu" mövzusunda beynəlxalq onlayn seminar keçirilmişdir.
Qoruq əməkdaşları, Xəzər Universitetinin könüllüləri, arxeoloq və tarixçilər, universitet müəllimləri, doktorantlar, magistrantlar, tələbələr, muzey və mədəni irs sahəsində çalışan mütəxəssislərin iştirakı ilə keçirilmiş elmi seminarda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Muzey və Qoruqlar şöbəsinin qoruqların idarəedilməsi sektorunun müdiri Mahir Qəhrəmanov, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaquliyev, BDU-nun dosenti, Dr. Yunis Nəsibli, AMEA Arxeologiya və Antropologiya İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini, Dr. Pərviz Qasımov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi Dr. Yaqub Məmmədov, "Ezelgi Taraz" Tarix-Mədəniyyət Muzey-Qoruğunun elmi işçiləri- tarixçilər Madina İbadildayeva, Akerke Orynbasar, Akdidar Kəribekova, Muzey işi və ekskursiya fəaliyyəti üzrə icraçı şöbənin əməkdaşları Akgül Altınbekova və Ali Muktasimov məruzələrlə çıxış etmişlər.
Seminarın əsas məqsədi Azərbaycan və Qazaxıstan arasında mövcud olan ortaq tarixi-mədəni irsin öyrənilməsi və təbliği istiqamətində elmi əməkdaşlığın genişləndirilməsi, mədəni irs sahəsində aparılan tədqiqatların təşviqi, gənclərin elmi və ictimai fəaliyyətlərə cəlb olunmasının dəstəklənməsi, eləcə də iki qardaş ölkənin mədəni irs qurumları arasında təcrübə mübadiləsinin inkişaf etdirilməsi olmuşdur.
Tədbir çərçivəsində son beş il ərzində ardıcıl şəkildə həyata keçirilən "Keşikçidağda elmi arxeoloji qazıntılar və Yay Məktəbi" layihələrinin nəticələri geniş şəkildə təqdim edilmişdir. Bildirilmişdir ki, sözügedən layihələr yalnız arxeoloji tədqiqatların aparılması baxımından deyil, həm də gənc tədqiqatçıların praktiki bilik və bacarıqlarının artırılması, mədəni irsin qorunması sahəsində ictimai iştirakçılığın genişləndirilməsi və beynəlxalq elmi əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbir zamanı 2026-cı ilin yay aylarında təşkil olunacaq "Keşikçidağda elmi arxeoloji qazıntılar və Yay Məktəbi VI" layihəsinin fəaliyyət istiqamətləri, elmi proqramı, iştirakçıların qarşısında duran vəzifələr və gözlənilən nəticələr barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, layihə çərçivəsində aparılacaq tədqiqatlar regionun qədim yaşayış və mədəniyyət tarixinin daha dərindən öyrənilməsinə, yeni elmi nəticələrin əldə olunmasına və beynəlxalq elmi əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcəkdir.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılmış, mədəni irsin qorunması, elmi tədqiqatların inkişafı və gənclərin bu sahədə fəal iştirakının təmin edilməsi istiqamətində birgə layihələrin davam etdirilməsinin vacibliyi vurğulanmışdır. Həmçinin, seminarda iştirak edən məruzəçi və tələbələrə hər iki qoruq tərəfindən beynəlxalq sertifikat təqdim edilmişdir.