Xəzər Universitetinin Həyat elmləri departamentinin professor-müəllim heyəti və Biologiya müəllimliyi ixtisası üzrə IV kurs tələbələrinin iştirakı ilə 2026- cə il mayın 23- də elmi-ekoloji ekskursiya təşkil olunmuşdur. Tədbir Hirkan Milli Parkı və Xanbulan gölü ərazilərini əhatə etmişdir. Ekskursiyanın əsas məqsədi 22 may Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar tələbələrdə biomüxtəliflik haqqında bilik və bacarıqların gücləndirilməsi, elmi müşahidə vərdişlərinin inkişaf etdirilməsi və regionun zəngin ekosistemlərinin yerində öyrənilməsi olmuşdur.
Səfər zamanı iştirakçılar Hirkan bölgəsinə xas olan endemik və relikt növlərlə tanış olmuş, meşə ekosistemlərinin strukturu, flora və fauna komplekslərinin qarşılıqlı əlaqələri ilə bağlı sahə müşahidələri aparmışlar. Ərazidə qızılağac, palıd, vələs və digər qiymətli ağac və kol növləri ilə tanış olmuşlar. Bu bitki örtüyü Hirkan meşələrinin qədim relikt xarakterini və yüksək ekoloji dəyərini bir daha nümayiş etdirir.
Fauna müşahidələri zamanı isə suda-quruda yaşayanlar sinfinə aid Adi quru qurbağası və onun sürfələri qeydə alınmışdır. Bu növlərin mövcudluğu ərazinin su-bataqlıq ekosistemlərinin bioloji məhsuldarlığını və ekoloji balansını əks etdirir.
Tədbir tələbələrin ekoloji təfəkkürünün formalaşdırılması, təbiətin mühafizəsinə məsuliyyət hissinin artırılması və regionun təbii sərvətlərinin elmi əsaslarla öyrənilməsi baxımından əhəmiyyətli hesab olunur.