Görkəmli pedaqoq, ədəbiyyatşünas, ədəbiyyatın tədrisi metodikası sahəsində onlarla elmi əsərin müəllifi professor Əliyar Məhəmməd oğlu Qarabağlının anadan olmasının 125 illiyi münasibətilə 2026-cı il mayın 1-də Xəzər Universitetində yubiley tədbiri keçirilib. “Müəllim ömrü” adlanan tədbir görkəmli pedaqoqun zəngin elmi-pedaqoji irsinin, Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinin və müəllimlik peşəsinin yüksək dəyərləndirilməsi ilə şərtlənib.
Tədbirdə ölkənin nüfuzlu ali təhsil və elmi müəssisələrinin nümayəndələri, o cümlədən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Universiteti, AMEA Folklor İnstitutu və Azərbaycan Milli Arxiv İdarəsinin alim və mütəxəssisləri, həmçinin, yubilyarın ailə üzvləri və yaxınları iştirak ediblər.
Yubiley tədbirinin aparıcısı Dillər və ədəbiyyatlar departamentinin müəllimi f.ü.f.d. Aygül Qurbanova professor Əliyar Qarabağlının Azərbaycan ədəbiyyatının tədrisi metodikasının formalaşmasında müstəsna rol oynadığını vurğulayıb, onun şəxsiyyətinin və elmi irsinin zaman keçdikcə daha aydın dərk edildiyini qeyd edib. Tədbir çərçivəsində alimin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Yubiley tədbirinin əsas məruzəçisi Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı Əliyar Qarabağlı ilə bağlı şəxsi xatirələrini bölüşərək, onun müəllim kimi yüksək metodik ustalığını, xüsusilə, ana dili dərsliklərinin hazırlanmasındakı rolunu vurğulayıb. Hamlet İsaxanlı qeyd edib ki, Əliyar müəllimin əsərləri bir neçə nəsil üçün təməl tədris mənbəyi olub. Tədbirdə həmçinin, Asif Hacıyev (Azərbaycan Universitetinin professoru), Bilal Həsənli (Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının dosenti), Rəhilə Quliyeva (Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının dosenti), Xuraman Kərimova (AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent) və Xatirə Qədirova (Azərbaycan Milli Arxiv İdarəsinin əməkdaşı) çıxış edərək, professor Əliyar Qarabağlının elmi-pedaqoji fəaliyyətinin müxtəlif istiqamətlərinə toxunublar.
Bildirilib ki, görkəmli alimin 1946-cı ildə nəşr olunan “Ana dili” dərsliyi uzun illər məktəblərdə əsas vəsait kimi istifadə edilib, ədəbiyyatın tədrisi metodikası sahəsində yazdığı əsərlər isə bu gün də aktuallığını qoruyur. Çıxışlarda professor Əliyar Qarabağlının Azərbaycan
folklorunun tədrisi və tədqiqi sahəsindəki xidmətləri xüsusi vurğulanıb. Bildirilib ki, onun bu istiqamətdə apardığı araşdırmalar milli ədəbiyyatşünaslıq və folklorşünaslıq elminin inkişafına mühüm töhfə verib. Professor Əliyar Qarabağlı yalnız alim kimi deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik müəllim kimi yaddaşlarda yaşayır. Onun yetirmələri müxtəlif sahələrdə fəaliyyət göstərsələr də, müəllimlərinin onlara aşıladığı dəyərləri bu gün də yaşadırlar. Dillər və ədəbiyyatlar departamentinin əməkdaşı Fərqanə Ələsgərli Musa Yaqubun “Müəllim ömrü” şeirini səsləndirib.
Xəzər Universitetinin Musiqi və incəsənət departamentinin Kamera orkestirinin müşayiəti ilə “Çahargah kompozisiyası”, Sərdar Fərəcovun “Qarabağnamə” əsəri, klassik və xalq musiqisi nümunələri, ədəbi kompozisiyalar tədbir iştirakşıları və qonaqlar tərəfindən alqışlarla qarşılanıb. Professor Əliyar Qarabağlının zəngin irsinin gələcək nəsillər üçün mühüm mənəvi və elmi mənbə olduğu, bu cür yubileylərin milli yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət daşıdığı bildirilib.