2025-ci il oktyabrın 21-də Finlandiya Respublikasının Azərbaycandakı səfiri Kirsti Narinen Xəzər Universitetinin qonağı olub. Səfir universitetin Mərmər zalında “Finlandiyanın su diplomatiyası” mövzusunda çıxış edib.
Tədbir universitetin rektoru Dr. Raziyə İsaeva, fakültə dekanları, akademik heyət və tələbələrin iştirakı ilə keçib. Rektor Dr. Raziyə İsaeva səfiri salamlayaraq, Finlandiya və Azərbaycan arasında təhsil və elmi əməkdaşlıq imkanlarından bəhs edib.
Sonra səfir Kirsti Narinen Finlandiyanın su ehtiyatlarının idarə olunması, regional və beynəlxalq səviyyədə su diplomatiyasının əhəmiyyəti, eləcə də bu sahədə Finlandiyanın təcrübəsi barədə geniş məlumat verib. O, iqlim dəyişiklikləri və təbii resursların ədalətli bölüşdürülməsi kimi qlobal problemlərin həllində beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.
Tədbirin sonunda iştirakçılar səfirə müxtəlif suallar ünvanlayıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.