2025-ci il oktyabrın 2-3-də Xəzər Universitetinin ev sahibliyi ilə “Türk Dünyasının Öncül və Sahibkar Qadınları” mövzusu çərçivəsində II Beynəlxalq Türk Dünyasında Qadın Qurultayı uğurla keçirilib. Tədbir elmi, mədəni əməkdaşlığı və ictimai inkişafı təşviq etmək məqsədilə təşkil olunub. Qurultayda Ahıska türkləri, Azərbaycan, Bolqarıstan, Şərqi Türküstan, Qaqauziya Muxtar Bölgəsi, İraq türkmanları, Qazaxıstan, Krım, Kosova, Şimali Kipr Türk Cümhuriyyəti, Özbəkistan, Türkmənistan və Türkiyə Cümhuriyyətini ümumilikdə 60-dan çox nümayəndə iştirak edib.
Qurultayda müxtəlif sahələri təmsil edən tanınmış qadın alimlər, yazıçılar, ictimai fəallar, QHT və dövlət qurumlarının nümayəndələri fəal iştirak ediblər. Bu görüş Türk Dünyasında qadınların sahibkarlıq potensialını və liderlik rollarını elmi müstəvidə müzakirə etməyə imkan yaradıb.
Tədbir “Umay Ana Türk Dünyası Qadınlar Birliyi”nin təşəbbüsü ilə Türk Dünyasında qadınlar üçün daha güclü gələcək strategiyası formalaşdırmaq və bölgələrarası əlaqələri möhkəmləndirmək məqsədilə keçirilib. Qurultay Xəzər Universiteti, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, TİKA, YTB, TÜRKSOY, DATÜB, GİKAD, TÜRKKAB, İstanbul Gedik Universiteti, KAGİMER və İstanbul Azərbaycan Dostluq Dərnəyi kimi nüfuzlu qurumların dəstəyi ilə reallaşdırılıb.
Qurultay yüksək səviyyəli açılış çıxışları ilə başlayıb. Tədbirdə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgün, Umay Ana TDKB, TÜRKKAB və Qurultay Təşkilat Komitəsinin sədri Prof. Dr. Mualla Uydu Yücel, Xəzər Universitetinin rektoru Dr. Raziyə İsayevа, Dünya Alpaqut Federasiyasının prezidenti və Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müşaviri Jalə Əhmədova, DATÜB baş katibi Fuad Uçar, Bolqarıstan Dulova şəhərinin meri Nevhis Lütfi Mustafa, Kosovo millət vəkili Fidan Brina Jilta, Azərbaycan millət vəkilləri Sevil Mikayılova, Səbinə Salmanova, TÜRKPA sədri Dr. Tamam Cəfərova, Qaqauziya Mədəniyyət naziri Marina Semönova və KKTC-nin Azərbaycandakı nümayəndəsi, səfir Ufuk Turganer çıxış ediblər.
İki gün davam edən elmi proqram çərçivəsində ümumilikdə beş sessiya təşkil olunub:
“Tarixi prosesdə Azərbaycan” adlı açılış sessiyasına Xəzər Universitetinin Təbiət elmləri və mühəndislik fakültəsinin dekanı Dr. Fəxrəndə Əfəndiyeva rəhbərlik edib. Sessiyada “Azərbaycanın dövlətçilik tarixi”, “Əsrin soyqırımı: Xocalı”, “Xocalı soyqırımının Azərbaycan qadınları üzərində təsiri”, “II Qarabağ müharibəsinin nəticələri” və “Türkiyə–Azərbaycan münasibətləri” mövzularında məruzələr dinlənilib.
“Türk Dünyasının ədəbiyyat və mətbuatda öncül qadınları” sessiyasına prof. Dr. İradə Hüseynova rəhbərlik edib. Burada “Şəfiqə Qaspıralı”, “Azadə Musayeva”, “Zeynə Qəniyeva”, “Sürəyya Ağaoğlu” və “Türkmən ədəbiyyatında öncü qadınlar” kimi mövzular müzakirə edilib.
“Türk Dünyasının elmdə və akademiyada öncül qadınları” sessiyasına Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Dr. Milana Abbasova rəhbərlik edib. Burada Türkiyə, Qazaxıstan, Qırğızıstan və Şərqi Türküstandan olan elmi lider qadınlar haqqında məruzələr təqdim olunub.
“Türk Dünyasının ictimai həyatda öncül qadınları” sessiyasına Prof. Dr. Meşkure Yılmaz rəhbərlik edib. Sessiyada “Ailə birliyinin qorunmasında qadınların rolu”, “Sürgün dövründə qadınların taleləri”, “Mücahid qadınlar”, “Bəxtiyar Vahabzadənin yaradıcılığında analıq motivləri” kimi mövzular yer alıb.
“Türk Dünyasının idarəçilik və sahibkarlıqda öncül qadınları” adlı son sessiyaya Xəzər Universitetinin Təbiət elmləri, sənət və texnologiya yüksək təhsil fakültəsinin dekanı Dr. Günel Bəhəddinova rəhbərlik edib. “Nəzihe Muhiddin və Qadınlar Xalq Firqəsi”, “Süni intellekt dövründə qadın liderliyi”, “Nailə xanım İsayevanın uğur hekayəsi”, “Türkiyədə qadın sahibkarlığı” və “Özbəkistanda qadınların biznesdə rolu” mövzularında çıxışlar olub.
Qurultay Türk Dünyasında qadınların tarixi, mədəni və sosial sahələrdəki rolunu elmi əsaslarla araşdıraraq, uğurla başa çatıb. Tədbir zamanı qadınların ictimai həyatda, elmdə və sahibkarlıqda oynadığı mühüm rollar geniş müzakirə edilib, həmçinin gələcək nəsillər üçün güclü və təsirli Türk qadını modelinin formalaşdırılması istiqamətində əhəmiyyətli nəticələr əldə olunub.
İştirakçılar yekdilliklə vurğulayıblar ki, Türk qadınının gücü, liderliyi və təşəbbüskarlığı Türk Dünyasının inkişafında əvəzolunmaz rol oynayır və bu istiqamətdə elmi və ictimai səylərin davam etdirilməsi vacibdir.
Tədbir müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılıb və bir sıra xəbər portallarında ətraflı təqdim olunub.
https://www.facebook.com/watch/?v=1984928018952086
https://www.facebook.com/reel/1495935361598595