2024-cü il dekabrın 13-də Xəzər Universitetinin Neftçilər kampusunda Türk dünyasının mədəniyyət, dil və əlifba məsələlərinə həsr olunmuş “Ortaq Türk keçmişindən gələcəyinə doğru: ümumtürk əlaqələrinin güclənməsində ortaq əlifbanın rolu” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirildi. Tədbirin məqsədi Türk dövlətləri arasında dil, mədəniyyət və elmi əməkdaşlıq sahəsində ortaq dəyərləri təşviq etmək, həmçinin ortaq əlifbanın tətbiqi istiqamətində aparılan işləri müzakirə etmək idi.
Konfransın açılışı Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun (MAFİ) koordinatoru Dos. Aynur Qəzənfərqızının çıxışı ilə baş tutdu. O, Türk dövlətlərinin ortaq mədəni keçmişini xatırladaraq, dil və əlifbanın inteqrasiyadakı rolundan bəhs etdi. Həmçinin, belə tədbirlərin Türk dünyası arasında əlaqələri daha da gücləndirmək üçün vacib olduğunu vurğuladı.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı çıxışında ortaq əlifbanın Türk dövlətləri arasında həm yazılı ünsiyyəti, həm də mədəni birliyi gücləndirmək üçün mühüm vasitə olduğunu, bu sahədə həyata keçiriləcək birgə elmi tədqiqatların və təşəbbüslərin əhəmiyyətini qeyd etdi.
Azərbaycan Atatürk Mərkəzinin müdiri, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri Akad. Nizami Cəfərov Türk dillərinin tarixi inkişafından bəhs etdi. O, ortaq əlifbanın strateji əhəmiyyətinə diqqət çəkərək, bunun həm mədəni, həm də siyasi baxımdan Türk dünyası üçün böyük imkanlar açdığını bildirdi. Əlavə olaraq, o vurğuladı ki, ortaq əlifba keçmişdə ortaq əlifbadan istifadə etmiş qədim Türk dövlətləri kimi, yenidən vahid mədəni dəyərlərin dirçəlməsinə şərait yaradacaq.
BDU-nun professoru Qulu Məhərrəmli ortaq əlifbanın dil və mədəniyyətin qorunmasında əsaslı rol oynadığını qeyd etdi. Xüsusilə kiçik dillərin və ləhcələrin qorunması üçün ortaq əlifbanın fonetik və struktur xüsusiyyətlərinin xüsusi əhəmiyyət daşıdığını bildirdi. Həmçinin, bu yanaşmanın Türk dillərinin qlobal səviyyədə tanıdılmasına da töhfə verəcəyini qeyd etdi.
UNESCO Türkiyə Milli Komissiyasının başqanı, Ankara Hacı Bayram Vəli Universiteti Türk Folkloru Bölümü başqanı Prof. Öcal Oğuz ortaq əlifbanın mədəni dəyərlərin nəsildən-nəslə ötürülməsinə yeni imkanlar yaratdığını və bu sahədə beynəlxalq təşkilatların əməkdaşlığını artırmaq lazım olduğunu bildirdi. Tədbirə videomesajla qatılan Öcal Oğuz, xüsusilə rəqəmsal mühitdə ortaq əlifbanın istifadəsinə dair layihələrin əhəmiyyətini vurğuladı.
Dos. Nərgizə Qulamova Nəvai İnnovasiyalar Universitetinin rektoru Prof. Jurabek Movlanov`un konfransa xoş diləklərini çatdırdı. Həmçinin, o, Özbəkistanın bu sahədə təcrübəsini təqdim edərək, ortaq əlifbanın təhsil sahəsindəki üstünlüklərindən danışdı və bunu Türk dövlətləri arasında bilik mübadiləsini genişləndirəcək addım kimi dəyərləndirdi.
Açılış toplantısının sonunda söz Türk Dil Qurumunun sabiq başqanı, Hacettepe Universitetinin professoru Şükrü Haluk Akalın`a verildi. Şükrü Haluk Akalın konfrans iştirakçılarına uğurlar dilədi və müəllifi olduğu kitablarını Hamlet İsaxanlıya təqdim etdi.
Açılış toplantısının ardından plenar iclas keçirildi. Plenar iclasın moderatoru akademik Nizami Cəfərov idi. Bu sessiyada çıxışlar ortaq əlifbanın texnoloji və dilçilik aspektlərinə həsr olundu.
Prof. Şükrü Haluk Akalın “Türk Dünyasında ortaq əlifbanın yayğınlaşdırılmasında süni zəka və texnologiyanın rolu, Beynəlxalq Qazax Dil Qurumunun və Türkoloji Mərkəzin başqanı Prof. Erden Qajibekov “Ortaq Türk əlifbası: əsas və cari problemlər” mövzularında məruzə etdilər. Sonra Qarabağ Universitetinin Elm şöbəsinin müdiri Dos. Elçin İbrahimovun və AMEA Folklor İnstitutunun Beynəlxalq əlaqələr bölümünün müdiri Əli Şamilin çıxışları dinlənildi.
Konfrans daha sonra öz işini bölmə iclasları ilə davam etdirdi. Qırğızıstanlı türkoloq Prof. Burul Sagınbaeva və azərbaycanlı türkoloqlar Zəminə Rüstəmbəyli, Kəmalə Ələkbərli, Hindistanın Jamia Millia Islamia Dövlət Universitetinin tədqiqatçısı Dr. Noushad Mancheri, Qırğızıstan-Türkiyə Manas Universitetindən Dr. Cazgül Cakakova, Dilbər Camalı da bölmə iclaslarındakı çıxışlarında ortaq əlifba ilə bağlı olduqca maraqlı fikirlər səsləndirdilər.
Konfransın sonunda iştirakçılar qeyd etdilər ki, ortaq əlifbanın tətbiqi təkcə dil və mədəniyyət sahəsində deyil, həm də siyasi və iqtisadi əməkdaşlıq üçün geniş imkanlar yarada bilər. Əldə olunan razılaşmalar arasında ortaq əlifba üzrə mütəxəssislərdən ibarət işçi qruplarının yaradılması və gələcəkdə bu mövzuda birgə elmi-praktik layihələrin həyata keçirilməsi haqqında təkliflər yer aldı.
Tədbirin bədii hissəsində iştirakçılara Xəzər Universitetinin tələbələrdən ibarət xor və rəqs kollektivlərinin çıxışlarından, həmçinin Onur Əliyevin ifasında aşıq musiqisindən ibarət konsert təqdim olundu.
Aydan Nəsirli
Xəzər Universiteti, Filologiya (İngilis dili və ədəbiyyatı) ixtisası, II kurs