Xəzər Universitetinin Nottingham Trent Universiteti ilə birgə həyata keçirəcəyi "Co-developing Inclusive and Employability-focused TNE Pathways in Social Sciences, Humanities and Education” adlı layihə British Council tərəfindən elan olunan 2026 TNE Exploratory Grant müsabiqəsində uğur qazanıb.
Böyük Britaniya universitetləri ilə 15 ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığı dəstəkləyən proqram çərçivəsində ümumilikdə 31 layihənin maliyyələşdirilməsi, Azərbaycan üçün minimum iki qrantın ayrılması nəzərdə tutulub.
Layihə təklifini Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsi və Nottingham Trent Universitetinin Sosial elmlər fakültəsi birgə hazırlayaraq irəli sürüb.
Layihə çərçivəsində Xəzər Universiteti və Nottingham Trent universitetləri arasında ikili diplom proqramının yaradılması, əmək bazarının tələblərinə uyğun tədris proqramlarının hazırlanması, akademik heyətin peşəkar inkişafının dəstəklənməsi, inklüziv pedaqogika üzrə bilik və bacarıqların artırılması nəzərdə tutulur. Eyni zamanda, tələbələrin məşğulluq, inklüziv təhsil, tələbə dəstəyi və mədəniyyətlərarası öyrənmə ilə bağlı fikir və gözləntilərinin layihənin inkişafında nəzərə alınmasına xüsusi diqqət yetiriləcək.
Layihənin icrasına 2027-ci ilin yanvarında başlanılması nəzərdə tutulur.
Bu uğur universitetlər arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi, təhsildə inklüzivliyin təşviqi və transmillli ali təhsil imkanlarının inkişafı, dayanıqlı inkişaf məqsədlərinə nail olunmasına töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır.