Xəzər Universiteti İT departamentinin rəhbəri, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Fərid Musayev Plat.az-a açıqlamasında kibertəhlükəsizlik üzrə qanunvericilik dəyişikliklərinin praktiki tətbiqi və informasiya infrastrukturlarının qorunması üçün vacib tədbirlərdən danışıb.
Ekspert bildirib ki, 10 avqust 2026-cı il tarixli dəyişikliklər kibertəhlükəsizlik, kibergigiyena, CERT/SOC, rəqəmsal dəlil və proaktiv tədqiqat kimi anlayışların hüquqi əsasını formalaşdırıb. Bununla belə, qanunvericilik çərçivəsinin yaradılması yekun nəticə deyil, effektiv kibermüdafiə üçün ilkin şərtdir. Pen-test və bug bounty kimi proaktiv tədqiqat mexanizmlərinin, eləcə də rəqəmsal dəlillərin hüquqi əsaslarının praktikada tətbiqi xüsusi əhəmiyyət daşıyır.
Fərid Musayev əsas risklər sırasında Milli CERT və Dövlət CERT arasında səlahiyyət bölgüsünün qeyri-dəqiq olmasını, texniki təhlükəsizlik tələblərinin ölçülə bilən standartlara çevrilməməsini, insidentlərin gizlədilməsi riskini və SOC xidmətlərinin keyfiyyətinə nəzarət problemlərini qeyd edib. O, MFA, təhlükəsizlik yeniləmələri, ehtiyat nüsxələrin test edilməsi, loqların aparılması və şəbəkə seqmentasiyası kimi tələblərin konkret meyarlarla müəyyən edilməsinin vacibliyini vurğulayıb.
Ekspert kibertəhlükəsizlik sahəsində real nəticələr əldə etmək üçün üç əsas addım təklif edib: insidentlərin eskalasiyası üzrə RACI matrisinin hazırlanması, sektorlar üzrə minimal texniki tələblər toplusunun müəyyənləşdirilməsi və dövlət satınalmalarında kibertəhlükəsizlik tələblərinin məcburi tətbiqi. Onun fikrincə, növbəti 12 ay ərzində aşkarlanan və vaxtında bildirilən insidentlərin sayının artması qəbul edilmiş qərarların praktikada işlədiyini göstərə bilər.
Mənbə: Plat.az