Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə 2026-cı il noyabrın 19-da “Universitetlərdə psixoloji xidmətin təşkili və tələbənin psixi rifahının qorunması” mövzusunda simpozium keçirilib. Tədbirdə Xəzər Universitetinin koordinatoru Xanım Rzayeva iştirak edib.
Simpoziumun əsas məqsədi ali təhsil müəssisələrində psixoloji xidmətin təşkili, tələbələrin psixi rifahının qorunması, universitet mühitində bu sahədə dəstək mexanizmlərinin təkmilləşdirilməsi və təcrübə mübadiləsinin aparılması olub.
Müxtəlif ali təhsil müəssisələrinin nümayəndələrinin və psixologiya sahəsində fəaliyyət göstərən mütəxəssislərin iştirak etdiyi tədbirdə universitetlərin psixoloji xidmət mərkəzlərinin fəaliyyəti, tələbələrin psixoloji ehtiyaclarının müəyyənləşdirilməsi və onlara göstərilən dəstəyin effektivliyinin artırılması məsələləri müzakirə edilib.
Müzakirələr zamanı tələbələrin akademik stres, emosional çətinliklər, adaptasiya problemləri və digər psixoloji narahatlıqlarla qarşılaşdıqları zaman universitetlərin psixoloji xidmət mərkəzlərinə müraciət imkanları və burada göstərilə biləcək dəstək formaları diqqət mərkəzində olub. Xüsusilə, böhran vəziyyətlərində tələbələrə ilkin psixoloji yardımın göstərilməsi, risk hallarının vaxtında müəyyən edilməsi, zərurət yarandıqda müvafiq mütəxəssislərə yönləndirmə və davamlı psixoloji müşayiətin təşkili kimi məsələlərə toxunulub.
Bununla yanaşı, tələbələrin psixoloji xidmətlərə müraciətini asanlaşdırmaq, məxfiliyi və etibarlı mühitin formalaşdırılmasını təmin etmək, eləcə də psixoloji çətinliklərin erkən mərhələdə müəyyənləşdirilmək üçün maarifləndirici və profilaktik tədbirlərin əhəmiyyəti müzakirə olunub.
Simpozium çərçivəsində ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, psixoloji xidmət sahəsində mövcud təcrübələrin paylaşılması və tələbələrin psixi rifahının dəstəklənməsinə yönəlmiş yanaşmaların təkmilləşdirilməsi məsələləri də nəzərdən keçirilib.