Xəzər Universitetinin Tarix müəllimliyi ixtisası üzrə l kurs tələbələri 2026-cı il noyabrın 18-də “Arxeologiya” fənni çərçivəsində elmi-maarifləndirici ekskursiyada olublar. Onlar əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun Muzey-Sərgi zalında Azərbaycanın qədim və zəngin tarixi-mədəni irsini əks etdirən müxtəlif arxeoloji tapıntılar, tarixi əşyalar və maddi-mədəniyyət nümunələri ilə yaxından tanış olublar. Nümayiş etdirilən eksponatlar tələbələrə müxtəlif tarixi dövrlər, qədim insanların həyat tərzi və maddi mədəniyyəti haqqında əyani təsəvvür əldə etmək imkanı yaradıb.
Ekskursiyanın növbəti mərhələsində tələbələr Təbiət Tarixi Muzeyini ziyarət ediblər. Biogenetik Analiz (DNT) şöbəsinin müdiri Natəvan Abdullayeva onlara qədim dövrlərdə yaşamış və nəsli kəsilmiş heyvan və quş növləri, onların xüsusiyyətləri, eləcə də bu canlıların öyrənilməsi və elmi tədqiqi istiqamətində aparılan araşdırmalar haqqında ətraflı məlumat verib. Təqdim olunan məlumatlar Yer kürəsinin keçmiş canlı aləmi, biomüxtəlifliyin tarixi və müasir elmi tədqiqatların əhəmiyyəti barədə tələbələrin təsəvvürlərini genişləndirib.
Ekskursiyaya Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi, AMEA Arxeologiya və Antropologiya İnstitutunun Elmi ekspozisiyanın təşkili şöbəsinin müdiri Orxan Zamanov rəhbərlik edib.
Elmi-maarifləndirici ekskursiya tələbələrin nəzəri biliklərinin praktiki müşahidələrlə möhkəmləndirilməsi, arxeologiya və antropologiya sahələrinə maraqlarının artırılması, həmçinin təbiət və tarixi irsin öyrənilməsinin əhəmiyyətini daha dərindən dərk etmələri baxımından faydalı olub.
Bu cür maarifləndirici ekskursiyalar tələbələrin elmi dünyagörüşünün genişlənməsinə, müxtəlif elm sahələri arasında əlaqələrin daha yaxşı mənimsənilməsinə və gələcək peşə fəaliyyətləri üçün zəruri bilik və təcrübə qazanmalarına mühüm töhfə verir.