Xəzər Universiteti Kitabxana-İnformasiya Mərkəzinin direktoru Aytac Misgərli Azərbaycan Dillər Universiteti (ADU) və Almaniyanın Goethe-Institutunun birgə təşkilatçılığı ilə 2026-cı il 17- 18 noyabrda ADU-da keçirilən “Gələcəyə hazır – Potensialları kəşf edək və birlikdə yeniliklər yaradaq” adlı beynəlxalq seminarda iştirak edib.
Seminarın təlimçisi Almaniyanın Goethe-Institutunun “Məlumat və Kitabxana” üzrə Məşvərət Şurasının sədri, Beynəlxalq Kitabxana Assosiasiyaları və Müəssisələri Federasiyasının (IFLA) İctimai Kitabxanalar Daimi Komitəsinin (Public Libraries Standing Committee) və Metropolitan Libraries komitəsinin üzvü, mədəniyyət və dayanıqlılıq meneceri, beynəlxalq kitabxana təlimçisi və məsləhətçisi, Köln və Vürtsburq şəhər kitabxanalarının keçmiş direktoru Dr. Hanne Vogt olub.
İkigünlük seminar çərçivəsində müasir kitabxanaların inkişaf tendensiyaları və gələcək perspektivləri, rəqəmsal təhsil, mütaliənin təşviqi, STEM yanaşması, dayanıqlı inkişaf, innovativ kitabxana xidmətləri və kitabxana məkanlarının transformasiyası kimi aktual mövzular ətrafında geniş müzakirələr aparılıb.
İnteraktiv tapşırıqlar, komanda işi və təcrübə mübadiləsi əsasında təşkil olunan proqram iştirakçılara beynəlxalq təcrübəni öyrənmək, yaradıcı yanaşmaları bölüşmək, yeni layihə ideyaları hazırlamaq və kitabxanaların gələcək inkişafı üçün innovativ həlləri dəyərləndirmək imkanı yaradıb.