Xəzər Universiteti İT departamentinin rəhbəri, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Fərid Musayev dövlət qurumlarının və rəsmi şəxslərin sosial şəbəkə hesablarına yönələn kiberhücumların üsulları və yarada biləcəyi təhlükələr barədə Demokrat.az-a açıqlama verib.
Ekspert bildirib ki, belə hücumların ən geniş yayılmış üsulları sosial mühəndislik və fişinqdir. Kiberdələduzlar sosial şəbəkələrin rəsmi dəstək xidməti adı altında saxta mesajlar göndərərək istifadəçilərin şifrə və ikiaddımlı təsdiqləmə kodlarını ələ keçirməyə çalışırlar. Zəif və təkrar istifadə olunan şifrələr, eləcə də keylogger, spyware, SIM-swap və aktiv sessiyaların oğurlanması da hesabların ələ keçirilməsinə şərait yarada bilər.
Fərid Musayevin sözlərinə görə, rəsmi dövlət hesablarının ələ keçirilməsi yalnız texniki təhlükəsizlik problemi deyil. Hücumçular belə hesablardan saxta bəyanatlar, yanlış məlumatlar və təhlükəli təlimatlar yayaraq, cəmiyyətdə panika və qarışıqlıq yarada, dövlət qurumlarına olan etimadı zəiflədə bilərlər. Həmçinin ələ keçirilmiş hesab digər dövlət qurumlarının rəqəmsal sistemlərinə hücum üçün başlanğıc nöqtəsinə çevrilə bilər.
Ekspert bu cür təhlükələrin qarşısının alınması üçün dövlət səviyyəsində kompleks kibermüdafiə strategiyalarının tətbiqini, aparat əsaslı ikiaddımlı təsdiqləmədən istifadəni, davamlı təhlükəsizlik monitorinqini və rəsmi şəxslər üçün xüsusi kibertəhlükəsizlik protokollarının hazırlanmasını vacib hesab edir.
Mənbə: Demokrat.az