Türk xalqları arasında mədəni və elmi əlaqələrin möhkəmləndirilməsi istiqamətində növbəti mühüm addım atılıb. Özbəkistan, Türkiyə və Azərbaycan alimlərinin birgə əməkdaşlığı ilə “Özbək, türk və Azərbaycan dillərində ortaq sözlərin izahlı lüğəti” tərtib edilib.
Bu elmi layihə üç dil arasındakı leksik, fonetik və semantik oxşarlıqları sistemli şəkildə üzə çıxarmaqla, türk dünyasının ortaq dil mirasını bir araya gətirir. Lüğətin ərsəyə gəlməsində beynəlxalq kollektivin böyük elmi əməyi var.
Layihənin Azərbaycan dili ilə bağlı hissəsini Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı, Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı fil.ü.f.d. Milana Abbasova və universitetin german dilləri üzrə ixtisaslaşan doktorantı Elcan Səlimli tərtib ediblər. Lüğətin tərtibində onlarla yanaşı, Özbəkistandan Prof. Axmedova Mehrinigor Bahodirovna və fil.ü.f.d. To’raqulova Muhayyo Sevdiyor, Türkiyədən isə Prof. Şeyma Akın həmmüəllif kimi iştirak ediblər.
Bu elmi vəsait, Özbəkistanın Təhsil Nazirliyi tərəfindən yüksək qiymətləndirilib və elmi-mədəni əməkdaşlıq baxımından təqdirəlayiq bir təşəbbüs kimi qəbul olunub.
“Özbək, türk və Azərbaycan dillərində ortaq sözlərin izahlı lüğəti” yalnız leksik vahidləri əhatə edən bir vəsait deyil, həm də türk xalqları arasında mənəvi körpüləri möhkəmləndirən, dilçilik sahəsində gələcək birgə araşdırmalara zəmin yaradan dəyərli elmi mənbədir.
Lüğət özbək, türk və Azərbaycan dillərini öyrənən tələbələr, tərcüməçilər, dilçi alimlər və geniş oxucu kütləsi üçün üç dil arasındakı tarixi və müasir linqvistik əlaqələri dərindən dərk etmək imkanı yaradır. Hər bir sözün özbək dilindəki əsas forması ilə yanaşı, onun digər iki dildəki qarşılığı, semantik izahı və zəruri hallarda tarixi qeydlərin verilməsi istifadəçilərə bu dillər arasındakı oxşarlıq və fərqləri tez və dəqiq müəyyən etməyə imkan verir.
Özbəkistanda çap olunan bu qiymətli nəşr, türk dillərinin leksik zənginliyini üzə çıxaran, elmi əsaslara söykənən və mədəni əməkdaşlığı inkişaf etdirən önəmli bir töhfədir.