Xəzər Universiteti İT departamentinin rəhbəri, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Fərid Musayev Azərbaycanda şəxsi məlumatların qorunması və artan kibertəhdidlər barədə məqalə ilə çıxış edib.
Ekspert bildirib ki, rəqəmsal xidmətlərin geniş yayılması şəxsi məlumatların təhlükəsizliyini daha aktual məsələyə çevirib. Banklar, elektron ticarət platformaları və telekommunikasiya şirkətləri istifadəçi məlumatlarının qorunması baxımından xüsusi diqqət tələb edən sahələrdir. Məlumat sızmaları, fişinq hücumları və sosial mühəndislik üsulları vətəndaşlar üçün ciddi risklər yaradır.
Fərid Musayevin sözlərinə görə, kibertəhlükəsizlik sahəsində əsas problemlərdən biri istifadəçilərin rəqəmsal savadlılığının yetərli olmamasıdır. Eyni zamanda, xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin texniki və maliyyə resurslarının məhdudluğu onların kiberhücumlar qarşısında həssaslığını artırır. Məlumat oğurluğu, fidyə proqramları və DDoS hücumları da müdafiə tədbirlərinin gücləndirilməsini zəruri edir.
Ekspert problemin həlli üçün qanunvericiliyin effektiv tətbiqini, dövlət və özəl sektorda informasiya sistemlərinin mütəmadi təhlükəsizlik yoxlamalarından keçirilməsini və əhalinin rəqəmsal savadlılığının artırılmasını vacib hesab edir. O, şirkətlərin müştəri məlumatlarının qorunmasını əlavə xərc deyil, biznesin davamlılığı və müştəri etimadının əsas şərtlərindən biri kimi qiymətləndirməli olduğunu vurğulayıb.
Fərid Musayev qeyd edib ki, şəxsi məlumatların təhlükəsizliyi yalnız texniki müdafiə vasitələrindən deyil, həm də hüquqi məsuliyyətdən, institusional hazırlıqdan və istifadəçilərin düzgün rəqəmsal davranışından asılıdır.
Mənbə: Big.az