AMEA Arxeologiya və Antropologiya İnstitutunun Muzey-Sərgi zalında 8 Noyabr– Zəfər Günü və 9 Noyabr– Dövlət Bayrağı Gününə həsr olunmuş “Tarixin yaddaşında Zəfər və Bayraq” adlı mədəni-maarifləndirici tədbir keçirilib.
İnstitutun “Elmi ekspozisiyanın təşkili” şöbəsi nəzdində fəaliyyət göstərən Arxeoloji dərnəyin təşkilatçılığı ilə 2026-cı il noyabrın 7-də keçirilən tədbirə Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimləri və tələbələri də qatılıblar.
Tədbirin təşkilati işlərində Arxeoloji dərnəyin tədbirlər qrupunun rəhbəri, Xəzər Universitetinin Tarix müəllimliyi ixtisasının III kurs tələbəsi Leyla Abdullayeva, qrup üzvləri, eyni ixtisas üzrə III kurs tələbələri Aygün Yusifova və Saray Balakişiyeva da iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Açılış mərasimində AMEA AAİ-nun direktor müavini, t.ü.f.d, Dos. Pərviz Qasımov, “Elmi ekspozisiyanın təşkili” şöbəsinin müdiri, Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi Orxan Zamanov və Arxeoloji dərnəyin idarə heyətinin nümayəndəsi Nəzrin İbayeva çıxış edərək, Zəfər tarixinin milli yaddaşda qorunmasının və gənc nəslə çatdırılmasının əhəmiyyətindən bəhs ediblər.
Elmi-maarifləndirici hissədə siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin baş müəllimi Dr. Ziya Səmədli “Azərbaycanın 44 günlük müharibədə zəfərinin regionun geosiyasi reallıqlarına təsiri”, Dos. Pərviz Qasımov “İşğaldan azad olunmuş ərazilərdə arxeoloji tədqiqatlar”, Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müəllimi, AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi Dr. Yaqub Məmmədov isə “Tağlar mağarasında yenidən başlanılan arxeoloji tədqiqatlar və ilkin nəticələr” mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələrdə Vətən müharibəsinin regionun geosiyasi mənzərəsinə təsiri, azad edilmiş ərazilərdə arxeoloji tədqiqatların bərpası və Azərbaycanın maddi-mədəni irsinin öyrənilməsi məsələləri diqqətə çatdırılıb.
Tədbir çərçivəsində Arxeoloji dərnəyin YouTube kanalında həyata keçirilməsi nəzərdə tutulan “ERALİNE TALKS” layihəsi də təqdim olunub. Layihənin məqsədi, fəaliyyət istiqamətləri və gələcək planları haqqında Arxeoloji dərnəyin üzvü, “Tehsil365” İnformasiya Agentliyinin direktoru Əli Ələkbərov məlumat verib.
Bununla yanaşı, Arxeoloji dərnəyin bülleten layihəsinin və rəsmi saytının təqdimatı keçirilib. Xəzər Universitetinin Tarix və coğrafiya müəllimliyi ixtisasının III kurs tələbəsi Tunar Əlizadə təqdimatında nəşrin və saytın yaradılma məqsədi, fəaliyyət istiqamətləri, redaksiya heyəti və gələcək planları barədə məlumatları iştirakçıların diqqətinə çatdırıb.