Xəzər Universiteti İT departamentinin rəhbəri, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Fərid Musayev sosial şəbəkə və mesajlaşma hesablarının kiberdələduzluqdan qorunması ilə bağlı İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, WhatsApp, Instagram, Facebook və Telegram hesablarının ələ keçirilməsi hallarında kiberdələduzlar çox vaxt texniki boşluqlardan deyil, istifadəçilərin diqqətsizliyindən və təhlükəsizlik qaydalarına əməl etməməsindən yararlanırlar. Hesabların qorunması üçün ikiaddımlı doğrulamanın aktivləşdirilməsi, hər platformada unikal və güclü şifrələrdən istifadə edilməsi, şifrə menecerlərinə üstünlük verilməsi vacibdir.
Fərid Musayev fişinq mesajlarına və saxta keçidlərə qarşı diqqətli olmağı, heç bir halda parol və təsdiqləmə kodlarını başqaları ilə paylaşmamağı tövsiyə edib. O, əməliyyat sisteminin və tətbiqlərin mütəmadi yenilənməsinin, proqramların yalnız rəsmi mənbələrdən yüklənməsinin, eləcə də hesabların aktiv sessiyalarının müntəzəm yoxlanılmasının əhəmiyyətini vurğulayıb.
Mütəxəssis qeyd edib ki, tanımadığınız cihaz və ya şübhəli giriş aşkar edildikdə, bütün sessiyalar sonlandırılmalı və şifrə dəyişdirilməlidir. Həmçinin, yaxın şəxslərdən gələn pul və ya təsdiq kodu tələbləri başqa əlaqə vasitəsilə yoxlanılmalıdır. Süni intellekt vasitəsilə saxta mesaj, səs və görüntülərin hazırlanması istifadəçilərin daha diqqətli olmasını tələb edir.
Departamentin rəhbərinin sözlərinə görə, hesabın təhlükəsizliyi birdəfəlik tədbir deyil, davamlı diqqət və düzgün rəqəmsal vərdişlər tələb edən prosesdir.
Mənbə: İqtisadiyyat.az