Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Milana Abbasova, İngilis dili və ədəbiyyatı departamentinin müəllimləri Nübar Ağalarova və Nigar Hətəmova 2026-cı il 30- 31 oktyabrda Özbəkistanın Buxara şəhərində yerləşən Asiya Beynəlxalq Universitetində keçirilən “Çoxdillilik və İnsan Anlayışı” (Multilingualism and Human Understanding) adlı beynəlxalq konfransda iştirak ediblər.
Konfrans dil, ədəbiyyat, tərcümə və rəqəmsal texnologiyalar sahələrində çalışan alimlər, tədqiqatçılar, müəllimlər və mütəxəssislər üçün elmi fikir mübadiləsi platforması yaradıb. Müxtəlif ölkələrdən tədqiqatçıların qatıldığı tədbir müasir dilçilik və dil təhsili sahəsində beynəlxalq əməkdaşlığın inkişafına, elmi təcrübə mübadiləsinə və aktual məsələlərin müzakirəsinə imkan yaradıb.
Konfrans çərçivəsində çoxdillilik, dil və sosial qarşılıqlı əlaqə, dil təhsili, tərcümə, rəqəmsal humanitar elmlər və süni intellektin dil texnologiyalarına təsiri kimi mövzular diqqət mərkəzində olub.
Milana Abbasova konfransa açılış nitqini söyləmək və əsas məruzəçi kimi çıxış etmək üçün dəvət alıb. Onun iştirakı tədbirin elmi proqramına töhfə verməklə yanaşı, Xəzər Universitetinin beynəlxalq akademik platformalarda təmsil olunması baxımından da əhəmiyyət daşıyıb.
Konfransın əsas istiqamətləri dilçilik, ədəbiyyat, tərcümə, texnologiya və rəqəmsal humanitar elmləri əhatə edib. Tədbir iştirakçıları müxtəlif ölkələrdə aparılan tədqiqatlarla tanış olub, elmi yanaşmalarını bölüşüb və gələcək akademik əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Xəzər Universitetinin əməkdaşlarının konfransda iştirakı beynəlxalq elmi əlaqələrin genişləndirilməsi, müasir dilçilik tədqiqatlarının inkişafı və universitetin beynəlxalq akademik mühitdə təmsilçiliyinin gücləndirilməsi baxımından əhəmiyyətli olub.