Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzində 2026-cı ilin 19-26 oktyabr aralığında Beynəlxalq açıq giriş həftəsi (International Open Access Week 2026) keçirilib.
“The Cost of Knowledge” (“Biliyin dəyəri”) mövzusuna həsr olunan həftənin əsas məqsədi açıq elmi biliklərin əlçatanlığını təşviq etmək, beynəlxalq elmi informasiya resurslarından səmərəli istifadə imkanlarını genişləndirmək və universitet icmasının açıq elm sahəsində məlumatlılığını artırmaq olub.
Həftənin açılış tədbiri oktyabrın 19-da Xəzər Universitetinin Neftçilər kampusunda olub. Tədbirdə Kitabxana-İnformasiya Mərkəzinin direktoru Aytac Misgərli, mərkəzin əməkdaşları Samirə Orucova, Cəmilə Quliyeva iştirakçılara açıq girişin elmi tədqiqatlarda rolu, müəllif hüquqları, məsuliyyətli elmi nəşr və açıq elmi resurslardan istifadə imkanları haqqında məlumat veriblər.
Təqdimatlar zamanı universitetin DSpace elektron arxivi və RIMS, DOAJ, DOAB, OAPEN, PubMed Central, OpenAIRE, Zenodo və digər beynəlxalq açıq elmi platformalar təqdim olunub. Həmçinin, Gold, Green və Diamond açıq giriş modelləri, elmi əsərlərin institusional repozitoriyalarda yerləşdirilməsi və tədqiqat nəticələrinin beynəlxalq elmi mühitdə görünürlüyünün artırılması məsələlərinə toxunulub. İştirakçılara müvafiq elektron keçidlər və QR kodlar vasitəsilə resurslardan istifadə imkanları da göstərilib.
Həftə ərzində tələbələr, doktorantlar və universitet əməkdaşları üçün açıq elmi resurslar və onların tədqiqat fəaliyyətində tətbiqi ilə bağlı məlumatlandırma işləri davam etdirilib.
Beynəlxalq açıq giriş həftəsi çərçivəsində həyata keçirilən fəaliyyətlər Xəzər Universitetində açıq elm prinsiplərinin təşviqinə, elmi informasiya resurslarından istifadənin genişləndirilməsinə və tədqiqatçılara informasiya dəstəyinin gücləndirilməsinə xidmət edir.
Xəzər Universitetinin Kitabxana-İnformasiya Mərkəzi açıq elmi resurslardan istifadə ilə bağlı sualları olan tələbə, doktorant və tədqiqatçılara müvafiq dəstək göstərməyə hazırdır.