AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Rəqəmsal tarix-etnologiya və süni intellekt şöbəsinin təşkilatçılığı ilə 2026-cı il oktyabrın 29- da “Süni intellekt alətləri: keçmişdən bu günə – dünyada Azərbaycan tarixinin izlərinin araşdırılması və təqdimatı” mövzusunda dəyirmi masa keçirildi.
Elmi tədbirdə Xəzər Universitetinin müəllimi, AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Rəqəmsal tarix-etnologiya və süni intellekt şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Camalova “Azərbaycan tarixşünaslıq mətnlərinin süni intellekt əsaslı təhlili: “Azərbaycan Tarixşünaslığı” jurnalının materialları əsasında” adlı məruzə ilə çıxış etdi. Çıxış zamanı “Azərbaycan Tarixşünaslığı” jurnalının materialları əsasında Təbii Dilin Emalı (NLP), Mövzu Modelləşdirməsi (Topic Modeling), TF-IDF və Hissiyyat Analizi (Sentiment Analysis) metodları ilə aparılan tədqiqatın nəticələri təqdim edildi. Nigar Camalova, həmçinin, süni intellekt əsaslı bu metodların Azərbaycan tarixinə dair izlərin dünya elmi şəbəkəsində aşkar edilməsi, təqdimatı və təbliği istiqamətində tətbiq edilə biləcəyini vurğuladı.