Xəzər Universiteti İT departamentinin rəhbəri, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Fərid Musayev ev və avtomobil satışına dair elanlarda əlaqə nömrələrinin paylaşılması ilə bağlı kibertəhlükəsizlik risklərini şərh edib.
Ekspert bildirib ki, telefon nömrəsinin açıq şəkildə paylaşılması dələduzların şəxsi məlumat toplaması və müxtəlif fırıldaqçılıq cəhdləri üçün ilkin vasitəyə çevrilə bilər. Bu səbəbdən elanlarda şəxsi nömrə əvəzinə platformanın daxili mesajlaşma sistemindən və ya satış üçün ayrıca nömrədən istifadə etmək daha məqsədəuyğundur.
Fərid Musayev vurğulayıb ki, alıcının avans, depozit və ya kuryer haqqı adı ilə təsdiqləmə kodu istəməsi ciddi şübhə doğurmalıdır. OTP kodları, PIN, CVV, bank kartı və internet bankçılıq məlumatları heç kimlə paylaşılmamalıdır.
Mütəxəssis əmlak və avtomobil alqı-satqısı zamanı ödənişlərin bank və ya notariat qaydasında həyata keçirilməsini, görüşlərin təhlükəsiz məkanlarda təşkil olunmasını tövsiyə edib. Şübhəli zəng və mesajlarla qarşılaşdıqda qarşı tərəfin məlumatlarını rəsmi kanallar vasitəsilə yoxlamaq, dələduzluq cəhdi zamanı isə dərhal banka və müvafiq təhlükəsizlik orqanlarına müraciət etmək vacibdir.
Ekspert qeyd edib ki, telefon nömrəsinin elanda paylaşılması özlüyündə birbaşa maliyyə itkisi yaratmasa da, dələduzların potensial qurbanı müəyyənləşdirmək üçün istifadə etdiyi vasitələrdən biri ola bilər.
Mənbə: Globalinfo.az